20 okt 11:31Oxunub: 515 |

Naxçıvan şəhərində yeni yaşayış binası istifadəyə verilmişdir

Naxçıvan şəhərində yeni yaşayış binası istifadəyə verilmişdirBu gün ölkəmizdə həyata keçirilən sosial tədbirlər içərisində mənzil tikintisi xüsusi yer tutur. Şəhər, qəsəbə və kəndlərimizdə yeni yaşayış binaları tikilir, məskunlaşma ilbəil artır. Son illər çoxmənzilli ictimai yaşayış binalarının tikilməsi insanların rahatlığını təmin etməklə yanaşı, Naxçıvan şəhərinin arxitektura quruluşunu da zənginləşdirmişdir.

Oktyabrın 19-da Naxçıvan şəhərinin Heydər Əliyev prospektində inşa olunan 19 nömrəli yeni ictimai yaşayış binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək demişdir: İnsanların yaşayış şəraitinin yaxşılaşdırılması və rahat mənzillərlə təmin olunması onların həyat tərzinin göstəricisidir. Çünki ölkədə yol düzgün seçiləndə, inkişaf və sabitlik təmin olunanda sosial tədbirlər də uğurla həyata keçirilir. Bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin yolunun davam etdirilməsinin və qəbul olunan dövlət pro­qramlarının nəticəsidir ki, insanların mənzil şəraiti yaxşılaşdırılır, evləri plana düşən vətəndaşlar daha müasir və rahat mənzillərlə təmin olunur, qayğıya ehtiyacı olanlara yeni evlər verilir, müasir yaşayış binaları tikilir. Naxçıvan şəhərində yeni yaşayış binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.
Ali Məclisin Sədri demişdir: Vaxtilə Sovetlər Birliyi dövründə ölkəmizdə, eləcə də muxtar respublikada mənzillər mərkəzdə təsdiq olunmuş standart layihələr əsasında tikilir, arxitektura quruluşu nəzərə alınmırdı. Lakin bu gün Azərbaycan müstəqil dövlətdir. Müstəqilliyin bəhrələrindən biri də müasir arxitektura üslubunda yaşayış binalarının tikilməsi, insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Son illər Naxçıvan şəhərində yeni yaşayış kompleksləri tikilib istifadəyə verilmişdir. Hazırda “Gənclər şəhərciyi”nin tikintisi davam etdirilir. Bu gün istifadəyə verilən bina müasir arxitektura həllinə malikdir. Binada hər biri 180-190 kvadratmetr olan 32 mənzil, birinci mərtəbəsində isə xidmət sahəsi yaradılmaqla 58 yeni iş yeri açılmışdır.
Ali Məclisin Sədri binanın tikintisində əməyi olanlara təşəkkür etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 10 mərtəbədən ibarət olan binada 32 mənzil vardır. Dördotaqlı mənzillərdən 16-nın sahəsi 180, 16-nın sahəsi isə 190 kvadratmetrdir. Mənzillərdə fərdi istilik və mərkəzi antenna sistemi quraşdırılmış, daimi su və optik kabel xətti çəkilmişdir. İsti, soyuq və rütubətə davamlı izolyasiya qatına malik olan binanın birinci mərtəbəsində mağaza, zirzəmidə isə anbar və avtomobil dayanacağı yerləşir. Binada 2 sərnişin və 1 yük lifti istifadəyə verilmişdir. Yanğın təhlükəsizliyi məqsədilə hər mərtəbə su hidrantı ilə təchiz olunmuş, ehtiyat çıxış nərdivanları qoyulmuşdur.
Ali Məclisin Sədri binanın birinci mərtəbəsindəki mağazaya baxmışdır. Qeyd olunmuşdur ki, ümumi sahəsi 687 kvadratmetr olan mağazada ərzaq məhsullarının və gündə­lik tələbat mallarının satışı həyata keçirilir, aptek fəaliyyət göstərir. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan məhsullar da satışa çıxarılır.
Ali Məclisin Sədri yerli məhsullara üstünlük verilməsi və satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət olunmasının vacibliyini bildirmişdir.
Binanın həyətində də abadlıq işləri aparılmış, avtomobil dayanacağı yaradılmışdır.
Naxçıvan şəhərində yeni yaşayış binası istifadəyə verilmişdir
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Azərbaycanın Dövlət Müstəqilliyi Günündə QHT Rəhbərləri Bir Araya Gəliblər - VİDEO - FOTOLAR
Azərbaycanın Dövlət Müstəqilliyi Günündə QHT Rəhbərləri Bir Araya Gəliblər - VİDEO - FOTOLAR
Oxunub: 808
XƏBƏR LENTİ

Reklam
Məzənnə