SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

NAXÇIVAN MÜSTƏQİLLİK UĞRUNDA MÜBARİZƏNİN ÖN CƏRGƏSİNDƏ OLUB

19-01-2016, 13:27 | Oxunub: 9 041 |

NAXÇIVAN MÜSTƏQİLLİK UĞRUNDA MÜBARİZƏNİN ÖN CƏRGƏSİNDƏ OLUB
1990-cı il yanvarın 19-da işğal təhlükəsi altında olan muxtar respublika SSRİ-nin tərkibindən çıxdığını elan etməklə mühüm addım atdı

Qədim Naxçıvan diyarı tarixin bütün dövrlərində olduğu kimi, XX əsrdə də Azərbaycanda gedən ictimai-siyasi proseslərdə aparıcı rol oynamaqla, mübarizələrlə dolu şanlı tarixə malik xalqımızın yenidən öz müqəddəs amalına - istiqlalına qovuşmasında əvəzsiz xidmətlər göstərib.

Ötən əsrin 80-ci illərinin sonunda keçmiş Sovetlər İttifaqının hər yerində olduğu kimi, Azərbaycanda da ictimai-siyasi vəziyyət olduqca gərgin idi. Dünyaya meydan oxuyan böyük bir imperiya artıq çökmək üzrə idi. 1989-cu ilin dekabrında muxtar respublikada sərhədlərdəki dirəklərin sökülməsi Moskvanı bərk hiddətləndirmişdi. Qısa müddət sonra mərkəz Azərbaycan xalqının azadlıq istəyini boğmaq üçün imperiya qoşunlarını Bakıya yeridərək qanlı 20 Yanvar qırğınını törətdi. Bu faciəyə qədər artıq Naxçıvanın Ermənistanla sərhədində ermənilər sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçmişdilər.

Heç kimdən kömək görməyən, blokadaya alınmış Naxçıvanda həmin il yanvarın 19-da xalqın tələbi ilə muxtar respublikanın Ali Sovetinin sessiyası çağırıldı. Sessiyada muxtar respublikasının Sovet İttifaqının tərkibindən çıxması haqqında qərar qəbul olundu. Bu, keçmiş İttifaqda misli görünməmiş bir hadisə idi. Çünki Sovetlər İttifaqının yaşadığı dövrdə onun dağılmasına ilk zərbəni vurmağa heç bir xalq, heç bir müttəfiq respublika və ya muxtar respublika cəsarət etməmişdi. Bunu yalnız Vətən uğrunda, azadlıq, müstəqillik uğrunda ölümə meydan oxuyan qəhrəman naxçıvanlılar edə bilmişdi.

Bu dövrdə Naxçıvanda baş verən hadisələr ulu öndər Heydər Əliyevin “Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında” Fərmanında (4 fevral 1999-cu il) belə xarakterizə olunmuşdu: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdir. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə ümumqoşun şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvana Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq taleyi qismət olmuşdur. Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi”.

Azərbaycanda, o cümlədən onun Naxçıvan Muxtar Respublikasında milli şüurun, azadlıq yanğısının bu səviyyəyə yüksəlməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümummilli Lider hələ Dövlət Təhlükəsizliyi Komitəsində çalışarkən bu qurumdakı bədxahlarımıza – xalqımızın sabahına əngəl törətməyə çalışanlara, milli kadrların irəli getməsinə mane olanlara qarşı mübarizənin önündə gedirdi. Ondan başqa həmin mübarizəni təşkil edə biləcək bir kimsə yox idi. Dahi şəxsiyyət 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə hələ neçə illər sonra əldə edəcəyimiz dövlət müstəqilliyinə böyük lider məharəti ilə hazırlaşırdı. O, Azərbaycanın sabahını quracaq çoxminli kadrlar ordusunun yetişdirilməsini, ölkənin iqtisadi qüdrətinin və hərbi potensialının artırılmasını daim diqqət mərkəzində saxlayırdı. Ulu öndər Heydər Əliyevin böyük məharətlə nail olduğu bu üç amil siyasi uzaqgörənlik nümunəsi idi. Nəticədə nə oldu? Müstəqil Azərbaycan dövləti qurulanda bizim artıq yüz minlərlə ixtisaslı kadrımız, ali təhsilli mütəxəssisimiz vardı. Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşanda ölkədə SSRİ büdcəsi hesabına tikilib istifadəyə verilmiş onlarla nəhəng sənaye müəssisəsi, çoxlu sayda hərbi texnika, qurğu və avadanlıq var idi. Ən başlıcası hərb elminin bütün incəliklərinə dərindən bələd olan milli kadrlarımız yetişdirilmişdi. Bütün bunlar dahi şəxsiyyətin böyük siyasi bəsirətinin nəticəsi idi və məhz həmin səbəbdən də xalq Heydər Əliyevi özünün Ulu Öndəri adlandırır.

Ümummilli Lider bu xalqa milli hədəflərə çatmağın yollarını göstərmiş, azadlığın, müstəqilliyin milli-ideoloji aspektlərini hələ Sovetlər İttifaqı dönəmində müəyyənləşdirmişdi. 1990-cı il yanvarın 19-da Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi qərar Ümummilli Liderimizin ölkəmizə rəhbərliyinin birinci dövründə həyata keçirdiyi tədbirlərlə Azərbaycan xalqına aşıladığı cəsarətdən, müstəqillik ideyalarından qaynaqlanırdı.

Ulu Öndərin xalqımıza müstəqillik ideyaları aşılaması heç də təsadüfi deyildi. Birincisi, uzaqgörən siyasi xadim siyasi-iqtisadi proseslərə nəzərən sovet imperiyasının gec-tez dağılacağına əmin idi. Digər tərəfdən, bu imperiyanın milli kimliyimizə vura biləcəyi zərbədən qorunmaq, daha doğrusu, milli varlığımızı qoruyub saxlamaq üçün milli ideologiyanın daşıyıcıları olan milli kadrların mövcudluğunun əhəmiyyətini anlayırdı. Bu imperiyanın öz varlığını davam etdirmək üçün çox qəddar üsullara əl ata biləcəyini də yaxşı bilirdi. Bir müddət sonra Ulu Öndərin haqlı olduğu öz təsdiqini tapdı. Özünü dünyaya sülh carçısı, xalqların qardaşlığının, humanizmin tərəfdarı kimi təqdim edən keçmiş Sovet İttifaqının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc, əliyalın əhaliyə qarşı amansızlıq nümayiş etdirməsi onun həqiqi simasını bir daha göstərdi.

Yanvar qırğınının başvermə səbəbləri haqqında müxtəlif fikirlər söylənsə də, ötən 26 ildə tam sübut olunub ki, qırmızı imperiyanın bu faciəni törətməkdə digər dəhşətli planı Bakıya qoşun yeridərək diqqəti paytaxta yönəltmək, anklav şəraitində yaşayan, köməksiz qalan Naxçıvanın Ana Vətən ilə əlaqəsini kəsməklə bu qədim diyarın ermənilər tərəfindən işğalına şərait yaratmaq idi.

20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının düşmən Ermənistan ilə sərhədlərində baş verən hadisələr məhz sovet imperiyasının bu çirkin niyyətinin reallaşmasına xidmət edirdi. 1989-cu il dekabrın 14-də güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri yanvarın 19-da səhər təxminən saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qaldı. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmişdilər. İlk dəfə həmin gün Sədərək top atəşinə tutuldu. Ermənilərin eyni vaxtda cidd-cəhdlə bütün istiqamətlərdən muxtar respublikaya hücum etməsi onu göstərirdi ki, xain qonşularımız Bakıya qoşun yeridiləcəyindən və bununla da Naxçıvanın köməksiz qalacağından xəbərdar idilər. Bu isə SSRİ rəhbərliyinin çirkin planının tərkib hissəsi idi.

Həmin ərəfədə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Kərkinin işğalı 20 Yanvar Bakı qırğının, dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin və nəhayət, ermənilərin Sədərəyə silahlı basqınlarının başlanğıcı oldu.

Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olanların sayı saatbasaat artırdı. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak oldular. Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri müqavimətə rast gələrək Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Naxçıvanlılar bir yumruq kimi birləşərək qədim diyarın müdafiəsində iştirak etdilər. Bu vəziyyət sovet rəhbərliyini də çaş-baş saldı.

Həmin günlərdə Naxçıvanda sovet ordusunun erməni hərbi birləşmələrinə dəstək verməsinə, SSRİ rəhbərliyinin təcavüzkar hərəkətlərə göz yummasına qarşı ciddi etiraz dalğası yarandı.

1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) SSRİ-nin tərkibindən çıxdığını bildirərək özünü müstəqil respublika elan etməsi də məhz belə bir çətin, təhlükəli şəraitdə baş vermişdi. Naxçıvan MSSR Ali Sovetinin qərarında qeyd olunurdu ki, bu qərar muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtlərinin kobud surətdə pozulduğu üçün qəbul edilib. Qərarda Azərbaycanın o vaxtkı kommunist rəhbərliyinin Naxçıvana qarşı erməni təcavüzünə biganə qalması da buna səbəb kimi göstərilirdi.

Naxçıvanın işğal təhlükəsindən qorunmasında, həmin tarixi qərarın qəbul edilməsində bölgənin muxtariyyət statusu mühüm rol oynamışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın 85 illik yubiley tədbirindəki çıxışında bu barədə deyib: “Ötən əsrin 90-cı illərində – bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, beləliklə də, Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaratmışdır. 1990-cı il yanvarın 18-də SSRİ Müdafiə Nazirliyinin 7-ci Ordusunun köməyi ilə muxtar respublikanın Kərki kəndi ermənilər tərəfindən işğal olunandan sonra, yanvarın 19-da Naxçıvan Ali Soveti “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında yaranmış ictimai-siyasi vəziyyət haqqında” məsələni müzakirəyə çıxarmış, “Naxçıvanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından və beynəlxalq Qars müqaviləsinin şərtləri kobud şəkildə pozulduğundan” Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etmişdi. Qeyd etmək lazımdır ki, bu qərar Sovetlər Birliyinin dağılması, Azərbaycan xalqının və digər müttəfiq respublikaların xalqlarının suverenlik əldə etməsi üçün atılmış ilk addımlardan idi”.

Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi qərar o gecə və sonrakı günlərdə dünyanın nəzərlərini Moskvanın xalqımıza qarşı törətdiyi hərbi-siyasi cinayətlərə, ermənilərin Naxçıvana təcavüzünə yönəltmişdi. Ən əsası isə dağılmaz deyilən qüdrətli Sovet İttifaqının çöküşü də məhz yanvarın 19-da Naxçıvandan elan edilmiş oldu.

Bakıdakı Qanlı Yanvar qırğınından sonrakı dövr - 1990-cı ilin fevral, mart, aprel, may ayları da blokada vəziyyətində olan Naxçıvanda çox gərgin keçdi. Biçənək, Şada, Gərməçataq, Sədərək, Havuş kəndləri erməni hücumlarına məruz qaldı. 1990-1993-cü illərdə ermənilərin 14 hücumu zamanı Sədərək 109 şəhid verdi.

Belə bir çətin dövrdə - 1990-cı il iyulun 22-də doğulub boya başa çatdığı Naxçıvana gələn ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşən qədirbilən naxçıvanlılar qanları bahasına doğma yurdumuzu qorudular. 1991-ci il sentyabrın 3-də Naxçıvanda yaşayan Heydər Əliyev əhalinin ciddi təkidi ilə muxtar respublikanın Ali Məclisinə sədr seçilməyə razılıq verdi. O, muxtar respublikaya başçılıq etməyə başladığı ilk gündən təcili tədbirlər görməyə başladı. 1991-ci il sentyabrın 7-də Naxçıvanın Dövlət Müdafiə Komitəsi təşkil olundu, dekabrın 16-da muxtar respublikanın Ali Məclisi hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul etdi. 1992-ci il yanvarın 13-də Ali Məclis qanlı 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsini tələb edən bəyanat qəbul etdi. 1992-ci ilin martın 24-də Ankarada Naxçıvan Muxtar Respublikası və Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu imzalandı. Qars müqaviləsinin şərtlərinin yerinə yetirilməsi ilə bağlı Türkiyə tərəfi ilə danışıqlar aparıldı. Türkiyə hökuməti Ermənistanın Naxçıvana təcavüzü ilə əlaqədar bəyanat verdi.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci ilin avqustunda “İran İslam Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlıq haqqında” sənəd imzalandı. Naxçıvan aeroportu yenidən quruldu. Culfa və Şahtaxtı-Poldəşt keçid məntəqələri inşa olundu. Muxtar respublika üçün həyati əhəmiyyət kəsb edən, xalq arasında “Ümid körpüsü” adlandırılan Sədərək körpüsü tikildi.

1993-cü il fevralın 5-də Naxçıvanda Türkiyənin, martın 8-də isə İranın konsulluqları fəaliyyətə başladılar. Heydər Əliyev ABŞ-ın, Türkiyənin, İngiltərənin, Fransanın səfirləri ilə keçirdiyi görüşlərdə dünya dövlətlərinin diqqətini Azərbaycandakı vəziyyətə cəlb edə bildi.

Ulu öndər Heydər Əliyevin Naxçıvanda yerləşən sovet ordusunun hissə komandanlıqları və Rusiya dövlətinin rəhbərliyi ilə apardığı gərgin danışıqlar nəticəsində 75-ci motoatıcı diviziya və 441-ci sərhəd dəstəsi öz əmlaklarını muxtar respublikadakı hərbi birləşmələrimizə təhvil verərək Naxçıvan ərazisini tərk etdilər.

Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə ölkədə hakimiyyətə qayıdışından sonra Azərbaycanın hüquqi-siyasi və sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisi istiqamətində aparılan islahatlar, bu islahatlar nəticəsində yalnız ölkəmizdə deyil, hətta regionumuzda baş verən dəyişikliklər, mütərəqqi yeniliklər ən yaxın tariximizin siyasi reallığıdır.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də əsası Ulu Öndər tərəfindən qoyulan siyasi xətti uğurla davam etdirir. Muxtar respublikaya səfərləri çərçivəsində keçirdiyi görüşlərin birində dövlət başçısı naxçıvanlılara xitabən belə deyib: “Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvana çox diqqətlə yanaşırdı. Ona görə yox ki, burada anadan olmuşdu, bura onun vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü”.

Dövlət müstəqilliyinin bərpa edildiyi vaxtdan keçən dövr ərzində Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının iqtisadi-siyasi və sosial həyatında mühüm dəyişikliklər baş verib. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində bu gün qazanılmış uğurların miqyası və əhatə dairəsi xeyli genişlənib.

Naxçıvan Muxtar Respublikası bürosu

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR