SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

PARLAMENT SEÇKİSİ XALQIN İRADƏSİNİ TAM İFADƏ ETDİ

27-11-2015, 17:42 | Oxunub: 443 |

PARLAMENT SEÇKİSİ XALQIN İRADƏSİNİ TAM İFADƏ ETDİ

Parlament seçkisi xalqın iradəsini tam ifadə etdi

Seçkilər şəffaf, ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirilmişdir. Beynəlxalq və yerli müşahidəçilər bunu təsdiq etmişlər. Beş yüzdən çox beynəlxalq, on minlərlə yerli müşahidəçi seçki prosesini və seçkilər gününü izləmiş, müşahidələr aparmışdır. Ümumi fikir belə olmuşdur ki, bu seçkilər ən yüksək beynəlxalq standartlara cavab verir, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad şəkildə ifadə etmişdir.
İlham ƏLİYEV


Beşinci çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilər növbəti dəfə təsdiq etdi ki, respublikamız demokratiya yolu ilə inamla irəliləyir. Ona görə də bu mühüm siyasi hadisə bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə demokratik və azad seçkilərdən biri kimi düşdü. Parlament seçkilərinin nəticələri dünyanın nüfuzlu siyasi dairələri, o cümlədən məşhur xarici KİV tərəfindən də yüksək qiymətləndirildi. Bütün rəylərdə, informasiyalarda seçkilərin olduqca ədalətli və şəffaf keçirildiyi, ölkəmizin demokratik dəyərlər yolu ilə inkişaf etdiyi birmənalı şəkildə öz əksini tapdı.

Mükəmməl seçki sistemi

Azərbaycanda seçkilərin demokratik keçirilməsi ilə bağlı kifayət qədər təcrübə və zəngin ənənə mövcuddur. Bu ənənənin əsasının qoyulmasının tarixi 22 il əvvələ gedib çıxır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratik seçki mühitinin formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrildi. Heydər Əliyevin həmin il Prezident seçilməsi ölkəmizdə xalqın öz rəhbərinə sonsuz məhəbbətinin ifadəsi olmaqla bərabər, ölkədə demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsasını qoydu.
Ötən 22 ildə ölkəmizdə 5 prezident, 5 parlament, 4 bələdiyyə seçkisi keçirilib. Ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə əlavə və təkrar seçkilər də təyin olunub. Bütün bu seçkilər, həmçinin referendumlara dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə vətəndaşların siyasi şüuru və seçki mədəniyyəti daha da yüksəlib.
Demokratik ölkələrin seçki təcrübəsi göstərir ki, hər bir seçkinin uğurunu təmin edən şərtlər sırasında siyasi iradə və ictimai-siyasi sabitlik amilləri ilə yanaşı, təkmil seçki qanunvericiliyinin də olması olduqca vacibdir. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli, obyektiv seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirib. Əsas Qanunda təsbit olunmuş müddəalara istinadən Azərbaycanda seçkilərin hüquqi bazası formalaşdırılıb. Konstitusiyanın 4-cü maddəsinə əsasən, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Əsas Qanunun 56-cı maddəsinə əsasən, hər bir Azərbaycan vətəndaşının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.
Azərbaycanın Seçki Məcəlləsi də demokratik standartlara uyğun tərtib olunmaqla seçkilərin keçirilməsinin bütün şəffaflıq və qanunçuluq prinsiplərini özündə əks etdirir. Qüvvəyə mindikdən sonra məcəlləyə bir sıra dəyişikliklər edilib ki, bunlar da ümumilikdə seçki institutlarının daha səmərəli fəaliyyət göstərməsinə, seçki prosesi ilə bağlı şikayətlərin daha çevik, operativ araşdırılmasına, seçici siyahılarının dəqiqləşdirilməsinə, seçkiləri müşahidə prosesinin asanlaşdırılmasına, namizədlərin təbliğat-təşviqat, vətəndaşların seçki hüququnun realizəsi imkanlarını yaxşılaşdırmağa, bir sözlə, seçkilərin daha şəffaf, demokratik şəraitdə keçirilməsinə xidmət edib.
Bütövlükdə respublikamızda demokratik institutlar inkişaf etdikcə seçki sisteminin təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilib. Əlbəttə, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokratiyanın inkişafı ilə bağlı qətiyyətli və ardıcıl siyasəti dayanır. Ölkəmizdə keçirilmiş hər bir seçkinin əvvəlkinə nisbətən irəliyə doğru atılmış addım olduğunu beynəlxalq təşkilatların seçkilərə dair verdikləri rəylərin müqayisəli təhlili göstərir.

Təşviqat seçki marafonunun mühüm mərhələsidir

Azərbaycan Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Prezident İlham Əliyevin avqustun 28-də imzaladığı sərəncamla beşinci çağırış Milli Məclisə seçkilər noyabr ayının 1-nə - bazar gününə təyin edilmişdi. Konstitusiyaya əsasən Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisin deputatı seçilə bilərdilər. Xatırladaq ki, ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Milli Məclisə deputat seçilə bilməzlər.
Mərkəzi Seçki Komissiyası 29 avqust 2015-ci il tarixli qərarı ilə Milli Məclisə seçkilərlə bağlı Təqvim Planını təsdiq etmişdi. Planda seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlər əksini tapmışdı. Sentyabr-oktyabr aylarında Təqvim Planında nəzərdə tutulan bütün tədbirlər qrafikə uyğun tam həyata keçirildi. Sentyabrın 12-dən oktyabrın 2-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin seçki komissiyalarına təqdim olunması müddəti idi. Bu müddətdə 1700 nəfərdən artıq vətəndaş deputatlığa namizəd olmaq üçün sənədlərini təqdim etmişdi.
Seçki ərəfəsində aparılan təbliğat-təşviqat işləri seçki marafonunun mühüm fazalarından biridir. Çünki istənilən seçkidə partiyaların, yaxud ayrı-ayrı namizədlərin proqramlarının təqdim edilməsi əsasında seçicilərin rəğbətinin qazanılması mühüm əhəmiyyət kəsb edir. Seçkinin bu mərhələsində prosesə qoşulan hər bir namizəd özünü təbliğ etmək üçün birbaşa seçicilərlə təmasa girərək onların rəğbətini qazanmaq üçün platformasını elan edir. Bu isə seçkidə qələbə qazanmaq üçün olduqca əsas məsələlərdən biridir.
Seçki qanunvericiliyinə əsasən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Oktyabrın 9-dan isə beşinci çağırış Milli Məclisə seçki kampaniyasının təbliğat-təşviqat mərhələsi başladı. Seçkiqabağı təşviqat zamanı namizədlərin öz təbliğatlarını aparmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş imkanların təmin olunması məqsədilə MSK başda olmaqla aşağı seçki komissiyaları və digər əlaqədar qurumlar tərəfindən səlahiyyətləri daxilində bütün tədbirlər görülmüş, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ölkə ərazisində bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat mühiti yaradılmışdı. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, hər bir dairə ərazisində 128-i açıq, 128-i qapalı olmaqla ümumilikdə 256 yer ayrılaraq namizədlərin ixtiyarına verilmişdi və deputatlığa namizədlər sadəcə, dairə seçki komissiyalarını məlumatlandırmaqla həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər. Həmçinin namizədlərin seçkiqabağı təşviqatı üçün bütün seçki məntəqələrini əhatə edən 10 mindən çox böyük ölçülü lövhələr quraşdırılmışdı.
Namizədlər təşviqatlarını kütləvi-informasiya vasitələri ilə də apara bilərdilər. Seçki qanunvericiliyinə əsasən, kütləvi informasiya vasitələrində təşviqat həm ödənişsiz, həm də ödənişli əsaslarla nəzərdə tutulur. Seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı təklif etmiş 45 kütləvi informasiya vasitəsi tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim edilmiş və bu məlumatlar namizədlərin tanış olması üçün komissiyanın internet səhifəsində yerləşdirilmişdi.
Bütövlükdə bu mərhələdə namizədlərə istisnasız bərabər şərait yaradıldı. Onlar seçiciləri ilə görüşlərini hər hansı qanun pozuntusuna yol vermədən keçirərək ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlandılar. Beləliklə, seçki kampaniyasının həm namizədliyin qeydə alınması, həm də təşviqat mərhələsi qanunvericiliyə uyğun aparıldı və hər hansı nöqsan qeydə alınmadı.

2 milyon 894 min 515 seçici, 125 seçki dairəsi, 5547 seçki məntəqəsi...

Beşinci çağırış Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar iki ay davam edən seçki kampaniyası noyabrın 1-də ən mühüm mərhələsinə qədəm qoydu. Həmin gün Azərbaycanın bütün bölgələrini əhatə edən 125 seçki dairəsinin 5547 seçki məntəqəsində parlament seçkiləri ilə əlaqədar səsvermə keçirildi. Seçki məntəqələrinin 5415-i daimi, 132-si isə müvəqqəti idi.
Seçki marafonunda 767 nəfər namizəd mübarizə aparırdı. Onların yarıdan çoxunun namizədlikləri müstəqil şəkildə və seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülənlər idi. Qalanları isə 15 siyasi partiyanı və bir siyasi partiyalar blokunu təmsil edirdilər.
Seçki proseduruna əsasən həmin gün səhər saat 07:30-dan seçki məntəqələrində səsverməyə hazırlıq işlərinə başlanıldı. Saat 07:50-də məntəqələr seçki komissiyalarının sədrləri tərəfindən açıq elan edildi və qutular kilidləndi. Məntəqə seçki komissiyalarının sədrləri saat 08:00-da səsvermənin başlanmasını elan etdilər. Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da ilkin məlumatlar verildi. Saat 19:00-da isə seçicilərin məntəqəyə daxil olması başa çatdı.
Bu seçkidə ölkə üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı 5 milyon 211 min 765 nəfər idi. Onlardan 63 min 555 nəfəri ilk dəfə səs verəcək seçicilər idi. Təxminən 2 milyon 894 min 515 nəfər seçici səsvermədə iştirak etdi. Seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 55,54 faizi səsvermə hüququndan yararlanıb. Bu, 2010-cu ilin parlament seçkilərindəki göstəricidən 6 faiz çoxdur. Ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində (81,2 faiz), ən aşağı seçici fəallığı isə 30 saylı Suraxanı birinci seçki dairəsində qeydə alınıb.

Şəffaflıq ən yüksək səviyyədə təmin olundu

Seçkilərin hazırlanıb keçirilməsində ən mühüm prinsiplərdən biri şəffaflıqdır. Demokratiya yolu ilə inamla addımlayan Azərbaycanda seçkilər zamanı aşkarlıq institutlarının, xüsusilə yerli və beynəlxalq müşahidəçilərin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin normal fəaliyyəti üçün yaradılan hərtərəfli və geniş imkanlar dünyanın bir çox ölkələrinə nümunədir.
Azərbaycanda keçirilən seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunur. Bunlardan biri internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadədir. Qeyd edək ki, geniş ictimaiyyət tərəfindən səsvermənin gedişinin müşahidə edilməsi, habelə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, seçicilərə səsvermə üçün qanuni şəraitin yaradılması, seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, nəticələrin müəyyənləşdirilərək rəsmiləşdirilməsi prosesinin izlənilməsi və bununla da aşkarlığın daha geniş surətdə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2008-ci ildən başlayaraq seçkilərdə əlavə tədbirlər qismində Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin sisteminə qoşulmaqla mövcud seçki məntəqələrinin 500-ündə (təqribən 10 faizində), sonradan isə 1000-ində (təqribən 20 faizində) veb-kameralar tətbiq edib.
İnternet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi beşinci çağırış Milli Məclisə keçirilən seçkilərdə də davam etdirildi. Bu seçkidə də Ermənistan tərəfindən əraziləri işğal edilmiş rayonları əhatə edən 6 seçki dairəsi istisna olmaqla 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdı. Bu da seçki prosesini əvvəldən axıradək izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa və beləliklə, aşkarlığın daha dolğun təminatına şərait yaratdı. Beləliklə, veb-kameraların tətbiqi əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də seçkilərin şəffaflığının təmin olunması işinə dəyərli töhfə verdi. Seçki günü internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesini, səslərin sayılmasını və nəticələrin müəyyənləşdirilməsini arası kəsilmədən canlı müşahidə etmək imkanına malik oldular. Həmin gün veb-kameralara 200 minə yaxın baxış oldu. Veb-kameralar vasitəsilə müşahidələrin təqribən 70 faizi ölkə daxilindən, 30 faizi isə ölkə xaricindən həyata keçirilib.
Hər seçki Azərbaycanın seçki praktikasında tətbiq edilən və seçkinin demokratikliyinə xidmət göstərən yeniliklərlə əlamətdar olur. Bu cür yeniliklərin tətbiqi, xüsusən qeyri-hökumət təşkilatlarına yer verilməsi, onların öz layihələrini həyata keçirə bilmələri üçün lazımi şəraitin yaradılması Azərbaycan hakimiyyətinin seçkilərin demokratik keçirilməsinə olan marağının bariz təcəssümüdür. Məsələn, ilk dəfə olaraq 2005-ci ilin parlament seçkilərində bir sıra xarici təşkilatlar tərəfindən seçicilərin seçki məntəqəsində səs verib çıxdıqdan sonra kimə səs vermələrini öyrənmək məqsədilə sorğu - “exit-poll” keçirildi.
Seçkilərdə “exit-poll”un keçirilməsi üçün şərait yaradılmışdı. Bu məqsədlə müraciət edən dörd təşkilat qeydə alınmışdı. Bunlar “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası idi. Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi “exit-poll”u Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə Amerika Birləşmiş Ştatlarının “AJF&Associates İnc.” təşkilatı ilə birgə keçirdi. Hər bir təşkilatın keçirdiyi sorğunun nəticəsi MSK-nın nəticələri ilə üst-üstə düşdü.
Seçkiləri 66 min nəfərə yaxın yerli və 503 nəfər beynəlxalq müşahidəçi izlədi. Beynəlxalq müşahidəçilər 40 təşkilatı və 57 ölkəni təmsil edirdilər. Onlar keçirdikləri mətbuat konfranslarında yekdilliklə respublikamızın dinc və sabit ölkə olduğunu sübut etdiyini, demokratiya yolu ilə uğurla irəlilədiyini diqqətə çatdırdılar, Azərbaycanın demokratik seçkilərin keçirilməsinə görə bir çox ölkələrə örnək olduğunu birmənalı şəkildə qeyd etdilər.

Xarici KİV seçkinin demokratik keçirildiyini qeyd etdilər

Parlament seçkilərini izləmək üçün müşahidəçilərlə yanaşı, kütləvi informasiya vasitələri üçün də hər cür şərait yaradılmışdı. Hər bir mətbuat işçisi seçkiləri işıqlandırmaq imkanına malik idi. O cümlədən, akkreditasiyadan keçmiş 27 beynəlxalq kütləvi informasiya vasitəsinin nümayəndələri seçkilərin gedişini izləyirdi. Bununla yanaşı, xarici ölkələrdə bir çox KİV-də seçkilərin nəticələri ilə bağlı informasiyalar işıq üzü gördü.
Parlament seçkilərini işıqlandırmaq üçün Azərbaycana gələn xarici KİV nümayəndələrinin seçki ilə bağlı təəssüratları yüksək idi. Məsələn, ABŞ-dan olan jurnalist Mallori Moss Katz bildirib ki, seçicilərin təkrar səsvermədə iştirak edib-etməməsini dəqiqləşdirmək məqsədilə ultrabənövşəyi mürəkkəbdən istifadə edilməsi çox yaxşı üsuldur: “ABŞ-da bu proses tam başqadır. Müsbət fikirdəyəm, məndə çox yaxşı təəssürat yarandı”.
İlk növbədə şəffaflığı önə çəkən rusiyalı jurnalist Vladimir Zernts isə seçicilərin seçkilərə münasibətinin çox ciddi, həmçinin təşkilatçılığın yüksək səviyyədə olduğunu deyib. Onun sözlərinə görə, barmaqların yoxlanılması olduqca müsbət təcrübədir”.
Britaniyalı jurnalist Bernd Rainer Şubert də seçki prosesindən razılıqla söz açıb: “Hər şey açıq şəkildə baş verir. Ən çox da seçicilərin yoxlanılması prosesini bəyəndim. Heç kim ikinci dəfə bülletendən istifadə edə bilməz”.
Seçkilərlə bağlı səsvermə günü bir sıra xarici kütləvi informasiya vasitələri ətraflı süjetlər yayımladılar, yazılar dərc etdilər. Rusiyanın “Rossiya 24”, NTV, ORT kimi aparıcı televiziya kanallarının, TASS, “İnterfaks”, “RIA Novosti”, “RBK” və “Lenta.ru” agentliklərinin, “İzvestiya”, “Nezavisimaya qazeta”, “Rossiyskaya qazeta” qəzetlərinin təqdim etdikləri materiallarda seçkilərin şəffaf və demokratik keçdiyi, seçicilərin seçkilərdə fəal iştirak etdikləri bildirildi.
Türkiyədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri Azərbaycanda keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qazandığı inamlı qələbədən bəhs etdilər. “Anadolu” agentliyi, “CİHAN” xəbər agentliyi, “Hürriyyət” qəzeti, “TRT Haber”, “TRT Türk” televiziya kanalları da yüksək seçici fəallığı və səsvermənin demokratik gedişi barədə geniş məlumatlar yaydılar.
Ümumilikdə seçki günü Küveyt, Misir, Çin, Belarus, Qazaxıstan və digər ölkələrin KİV-ində Azərbaycanda keçirilən parlament seçkiləri geniş işıqlandırıldı. Onu da xatırladaq ki, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri isə heç bir əlavə qeydiyyat və sənəd tələb olunmadan seçki marafonunun əvvəlindən axırınadək sərbəst və maneəsiz şəkildə seçkilərdə iştirak ediblər.

Demokratiya yolunda növbəti inamlı addım

Səsvermə günü seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirildi. Yerli və beynəlxalq ictimaiyyətin seçkilərin nəticələri ilə tanış olması üçün səsvermə başa çatdıqdan təqribən 5 saat sonra ölkə üzrə 5547 seçki məntəqəsinin 5047-dən, təqribən 91 faizindən daxil olmuş məlumatlar əsasında seçki dairələri üzrə səsvermənin ilkin nəticələri və lider namizədlər haqqında məlumatlar ictimaiyyətin diqqətinə çatdırıldı. Növbəti gün, günün birinci yarısında artıq ölkə üzrə bütün seçki məntəqələrinin protokol məlumatları operativ şəkildə MSK-nın internet səhifəsində yerləşdirildi.
Seçki günündən sonra respublika üzrə 34 seçki dairəsindən, ümumilikdə 44 məsələ ilə bağlı müraciət daxil olub, bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılaraq zəruri addımlar atılıb, habelə bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib. Seçkilərlə əlaqədar seçki dairələri üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyalarının təqdim etdiyi sənədlərin yoxlanılması nəticəsində MSK-nın qərarı ilə 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 12 saylı seçki məntəqəsi, 15 saylı Yasamal birinci seçki dairəsinin 8 saylı seçki məntəqəsi, 53 saylı Quba-Qusar seçki dairəsinin 16 saylı seçki məntəqəsi, 82 saylı Ağcabədi seçki dairəsinin 12 saylı seçki məntəqəsi, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin 32 saylı seçki məntəqəsi, 85 saylı Şamaxı seçki dairəsinin 45 saylı seçki məntəqəsi və 121 saylı Laçın seçki dairəsinin 32 və 77 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib. O cümlədən, MSK-ya edilən müraciətlərlə bağlı aparılan müzakirələr nəticəsində 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkilərin etibarsız sayılması qərara alınıb.
MSK-nın noyabrın 18-də keçirilən iclasında Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edildi, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunaraq komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqləndi. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alındı.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisə keçirilmiş seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunmasına dair məsələyə noyabrın 24-də baxdı. Məruzəçilərin çıxışlarından və müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev plenumun qərarını elan etdi. Qərara əsasən, 2015-ci il noyabr ayının 1-də keçirilmiş beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2015-ci il 18 noyabr tarixli protokolu və Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun olaraq ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3, 108.2 və 171.2-ci maddələrinin tələblərinə uyğun hesab edildi.
Beşinci çağırış parlamentə seçkilər Azərbaycanda demokratik şəkildə keçirilən növbəti ümumxalq səsverməsi idi. Seçki marafonu ədalətliliyi, seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılması ilə səciyyələndi. Noyabrın 24-də keçirilən beşinci çağırış Milli Məclisin ilk iclasında iştirak edən Prezident İlham Əliyev seçkilərin şəffaf, ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirildiyini qeyd edərək Azərbaycanın demokratiyaya sadiq olduğunu bildirdi: “Bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atmışdır və bir daha sübut etmişdir ki, Azərbaycan demokratiyaya sadiqdir. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, ölkədə bütün azadlıqlar - söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan-din azadlığı təmin edilir, bütün azadlıqlar mövcuddur. Bu seçkilərdə əlbəttə ki, bütün bu azadlıqlar bir daha özünü büruzə vermişdir”.
Beləliklə, Azərbaycanın siyasi həyatında mühüm rol oynayan parlament seçkiləri uğurla başa çataraq tarixə qovuşdu. Seçkinin demokratik keçirildiyini beynəlxalq təşkilatlar və müşahidəçilər də təsdiq etdilər. Bu baxımdan parlament seçkiləri tarixə növbəti demokratik ümumxalq səsverməsi kimi düşdü. Seçkinin nəticələri həm də onu göstərdi ki, Azərbaycan vətəndaşları dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizdə həyata keçirilən siyasi kursu inamla dəstəkləyirlər.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR