SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

"Nəsrəddin evlənir..?" tamaşasının premyerası

12-06-2015, 15:15 | Oxunub: 698 |

"Nəsrəddin evlənir..?" tamaşasının premyerası
"EMTV.az" xəbər verir ki, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının hazırladığı yeni tamaşanın premyerası olub.
R.Behbudov adına Mahnı Teatrının səhnəsində təqdim olunan səhnə əsri Molla Nəsrəddin lətifələrinin motivləri əsasında hazırlanan “Nəsrəddin evlənir..?” adlanır.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Xaqani Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, xoreoqrafı Ramiq Nəsirov, rejissor assistenti Samirə Hacıyevadır.
Birhissəli məişət komediyası janrında hazırlanan səhnə əsərində əməkdar artist Vaqif Kərimov (əzrail), aktyorlar Elçin Hacıyev (Molla Nəsrəddin),Ceyhun Əliyev (Məmmədəli) Rövşən Cəfərov (lotu), Şəbnəm Cəbrayılova (mollanın sevgilisi) və başqa rol alıblar.
Sevdiyi qızı yuxusunda görən Nəsrəddini Əzrail oyadıb özü ilə o biri dünyaya aparmaq istəyir. Çox cavan olduğunu, hələ evlənmədiyini bildirən Nəsrəddinin yalvarışlarından yumşalan əzrail, ona evlənmək üçün üç gün vaxt verir. Dərdini lotulara danışıb onlardan kömək istəyən Nəsrəddin toy gününün səhəri oyanıb yatağında sevdiyi qızı yox, kənddə hamının tanıdığı eybəcər və qoca arvadı görəndə aldanıldığını başa düşür. Maraqlı hadisələr də bundan sonra başlayır.
İnsanları sevgi və gülüşlə dolu mənalı həyat yaşamağa səsləyən, şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edib.
Tamaşanın premyerasından sonra səhnə əsrinin rejissoru Xaqani Əliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, bu mövzuya Azərbaycanda Molla Nəsrəddin irsini, dəyərləri ilə birlikdə qoruyub yaşatmaq və gələcək nəsillərə ötürmək üçün müraciət edilib.
O deyib: “Molla Nəsrəddin bütün hallarda ahıllıq dövrünü yaşayan, müdriklik zirvəsinə ucalmış nurani qoca kimi təsvir edilib. Biz bu qənaətə gəldik ki, bu stereotipi qıraq. Molla Nəsrəddin birdən-birə nurani qocaya çevrilməyib ki... Təqdim etdiyimiz Molla Nəsrəddin təsəvvürlərdə yaradılmış Molla Nəsrəddindən cavanlığı ilə fərqlənir. Onun özünün bəzi lətifələri bizi vadar edir düşünək ki, bu lətifələrdəki Molla Nəsrəddin yaşlı adam ola bilməz. Doğrudan da tamaşada təsvir olunan hadisələr ahıl adamın başına gələ bilməz. Məhz buna görə də biz, Azərbaycan səhnəsində ilk dəfə olaraq Molla Nəsrəddini qaynayıb-daşan, hələ tam müdriklik yaşına çatmamış, bəzən emosiyalarına hakim kəsilə bilməyən bir cavan kimi təqdim etdik. Böyük inamla deyə bilərik ki, güldürərək düşündürən Molla Nəsrəddin müasir teatr yozumunda səhnəmizə qayıtdı!”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR