SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Gülü Hüseynova Rəmişin səhhətindən danışıb, ağladı - MÜSAHİBƏ

23-02-2019, 16:14 | Oxunub: 7 804 |

Gülü Hüseynova Rəmişin səhhətindən danışıb, ağladı - MÜSAHİBƏ

Emtv.az Gitara ifaçısı Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı, Gülü Hüseynovanın yerli mətbuata müsahibəsini təqdim edir:

- Gülü xanım, yaxın günlərdə Rəmiş müəllimin səhhətində problem yaşandı. Hazırda səhhəti necədir?

- Allah yaxşı adamlara can sağlığı versin. Xoşqədəm Hidayatqızı, Cahid Şahbazov və Aytən Sultanovanın sayəsində Rəmiş özəl xəstəxanaların birində müalicə aldı. İndi çox şükür ki, səhhəti yaxşıdır. Düzdür, tam sağalmayıb, amma çəkdiyi əziyyətlərin qarşısı alınıb. Mən onlara öz təşəkkürmü bildirirəm. Xoşqədəm xanım və Tarix Əliyev (Tolik) bu mövzunu işıqlandırdı, Cavid Şahbazov da bütün xəstəxana xərclərini qarşıladı.

Hazırda şükür Rəmiş rahat hərəkət edə, nəfəs ala bilir. Keçən pis günlərə nisbətən yaxşıdır.

- Rəmiş müəllimin xəstəxanada olan zaman bir çox sənət dostları ziyarət etdilər. Yolunu gözlədiyiniz sənət dostu oldumu?

- İlk növbədə gələnlərin adlarını deyim, Məsum İbrahimov, millət vəkili Aqil Abbas, Təyyar Bayramov, Manaf Ağayev, Pünhan, Tacir Şahmalıoğlu, Zenfira İbrahimova, Tolik, milli qəhrəmanımız İbad Hüseynov gəlmişdilər. Cahid Şahbazovun anasına minnətdarlığımı bildirirəm. O, hər gün yemək bişirib göndərirdi. Bütün bazarlığımı Cahid Şahbazov göndərirdi. Allah onlardan razı olsun.

- Ümumiyyətlə, dəstək olacağını gözlədiyiniz, amma dəstək olmayan adamlar oldumu?

- Rəmişə çox adam dəstək oldu. Hətta çoxu adlarının çəkilməsini istəmirlər.

- Maraqlıdır ki, Rəmiş müəllimin küsülü olduğu gitaraçı Rəhman xəstəxanada olan zaman barışıq üçün hər hansı bir addım atdımı?

- Ümumiyyətlə, o barədə heç bir suala cavab vermək istəmirə.

- Rəmiş müəllimin həyat yoldaşı kimi siz də tanınırsız. Bu sizə hansısa çətinlik yaradırmı?

- Xeyr! Mən Rəmişi 5-6 yaşımdan çox sevmişəm. Mənim rəhmətlik atam Rəmişin müəllimi olub.

- Eşitdiyimizə görə, Rəmiş müəllim bir ilə yaxındır ki, toylara getmir. Ailəni maddi olaraq necə təmin edirsiz?

- Əslində, Rəmiş bir il yox, 2015-ci ildən toylara getmir. O, 190 manat təqaüd, xalq artisti olmasına görə 150 manat, 66 manat isə qocalığına görə alır. Birtəhər başımızı dolandırırıq. Düzdür, çətinliklərimiz var. Rəmişin dərmanlarının hər biri elə 300-400 manat tutur. Amma neynəyə bilərəm, əlimdən heç nə gəlmir.

- Şəxsi həyatınız da insanlar üçün maraqlıdır. Rəmiş müəllimlə ilk tanışlığınız necə olub?

- Mənim rəhmətlik atam Rəmişin tar müəllimi olub. Onu uşaqlıq illərindən tanıyıram. Bir elin, obanın adamıyıq, Ağdamlıyıq. Uşaq vaxtı da görə-görə, adını eşidə-eşidə böyüdüm. Allah da onun adını mənim ürəyimə həkk elədi. Mənim on üç yaşım var idi, Rəmiş başqa bir xanımla ailə həyatı qurdu. Ondan ayrılandan dörd il sonra mənimlə ailə həyatı qurdu. Rəmişin ilk evliliyində öz problemləri olub. Yəni ki, o zaman mənim Rəmişnən yaxınlığım yox idi.

- Rəmiş müəllim sizə evlilik təklif edəndə tərəddüt yaşadınızmı?

- Əlbəttə ki, xeyr. Axı, onu uşaqlıqdan çox istəyirdim. Rəmiş mənə evlilik təklifi edəndə ailəli olub-olmadığını soruşdum. O, da dedi ki, artıq 4 ildir həyat yoldaşından ayrılıb və bunda mənim heç bir rolum yoxdur. Bu onun həyat yoldaşı ilə öz problemidir.

- Keçmiş həyat yoldaşı Rəmiş müəllimlə barışmaq istəsəydi, münasibətiniz necə olardı?

- Rəmiş elə etməz (gülür). Əslində, Rəmiş qəbul edəndən sonra, mən kiməm ki... Amma bilirəm ki, onu qəbul etməz, o yola qayıtmaz. Rəmiş elə kişilərdən deyil. O, köhnə, qədim və sözünün üstündə duran kişilərdəndir. Rəmişin qadasını alaram.

O, gözəl sənətkarlarımızdandır. Xalq onu sevir.

Onun sənəti kimi qeyrəti var. Hələ indiyə qədər bir dəfə də olsun başını qaldırıb, dostunun yoldaşına, balasına baxmayıb. Hara gedibsə, gözü yumulu girib, gözü yumulu çıxıb. Ona görə də hər zaman bu xasiyyətinə görə başı ucadır.

- Gitara ustadımız kaprizli insandır. Onu necə razı salmağa çalışırsız?

- Onun damarını Gülü tutub(gülür). Əslində, elə də kaprizli adam deyil. İnsanlatda xarici görünüşü o fikri formalaşdırır. Kənardan kaprizli görünür, amma onun kimi qəlbi təmiz, qəlbi kövrək insan bəlkə də tək-tək olar. Onun kaprizi yalnız yeməkdədir. Xoşladığı yeməklər, düşbərə, cücə çığırtmasıdır. Amma çox yeyən adam deyil. Ac olanda dizinin üstündə nə varsa, yeyib şükür edən adamdır.

- Qısqanclığına görə sizə hər hansı bir qadağası olubmu?

- O, mənim qeyrətimə bələddir və ona görə qısqanclıq etmir. İki yüz kişi ilə də danışsam o, mənə güvənir. Hər şey qadının özündən asılıdır. Mənim hətəkətimdən nəsə, tutarsa, bir saniyə belə evdə saxlamaz. Həmin günü qapını açar, yola salar. Amma o dediyim kimi xasiyyətimi, davranışımı, danışığımı bilir.

- Küsülü vaxtlarınız olubmu? Və nəyə görə mübahisə etmisiniz?

- Evində mübahisə olmayan ailə yoxdur. Davamız olur, küsülü də qalırıq. Belə ki, nə mən, nə də o küsülü qala bilmir. Onda mətbəxdə işimi görürəm, o da televizora baxır. Yadından çıxır və çağırır ki, "Gülü bir stəkan çay gətir". Mən də deyirəm ki, bəs küsməmişdin məndən? Deyir, küsülülük bir kənara qalsın, bir stəkan çay ver, sonra küsərsən(gülür). Bizim barışmağımız belədir.

Təbii ki, o da onun gözəl ürəyindən irəli gəlir.

Hərdən məndə bir az kin olur, amma onun yadından çıxır. Ondan küsülü qalmaq olar? Deyəndə kövrəlirəm, Rəmiş mənim nəfəsim, həyatım, gözümün işığı, nuru, başımın tacı, evimin böyüyü və şahıdır. Onun o qədər əziyyətli günləri olub... (ağlayır). İndi rahat gün görür, Rəmişin əziyyətləri çox olub. Şükür bu günümüzə. Cənab prezident İlham Əliyevə Allah can sağlığı versin. Rəmişə üç otaqlı ev verib, fəxri ada layiq görüb. O, çətin günlərin, evsizliyin, avtomobildə yatan günlərimizin ağrı-acısını indi çıxarır. Allah prezidentimizi ölkəmizdən əksik eləməsin. Mehriban xanıma Allah can sağlığı versin. Ailəsinin üstündən əksik olmasınlar. Əlimizdə olanlara şükür edirik. İnsan heç vaxt naşükür olmaz. Hər bir insan hər dəqiqəsinə şükür etməlidir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR