SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bəşəriyyətin ilk müəllimi Aristotel olub, ikincisi isə...

29-12-2018, 22:03 | Oxunub: 4223 |

Bəşəriyyətin ilk müəllimi Aristotel olub, ikincisi isə...

Əbu Nəsr Məhəmməd ibn Tarxan Farabi (vəfatı hicri 339/miladi 950-951) Orta Asiyada türk qəbiləsindən olan hərbi xidmətçi ailəsində doğulmuşdu. İbtidai təhsilini vətənində alan Farabi əvvəlcə İrana gedib, orada fars dilini, daha sonra Bağdadda ərəb dilini mükəmməl mənimsəyir.

Bağdadda və Hərranda (Suriya) zəmanənin ən böyük müsəlman və qeyri-müsəlman alimlərindən fəlsəfə və hikmət dərsləri alır. Qısa müddət ərzində Farabinin şöhrəti hər tərəfi bürüyür. Ona "ustad əl-fəlasifə" (filosofların ustadı) və "məlik əl-hükəma" (hikmət sahiblərinin hökmdarı) deyirdilər.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, Farabi özünü Aristotelin şagirdlərindən sayır və onun əsərləri qarşısında heyrətini gizlətmirdi. Aristotelin ərəbcəyə tərcümə edilmiş bir neçə kitabının şərhləri də Farabiyə məxsusdur. Bu səbəbdən, Şərq aləmində Aristoteli bəşəriyyətin birinci dərəcəli müəllimi saydıqları kimi, Farabini də "əl-müəllim əl-sani" (ikinci müəllim) adlandırırdılar.

Farabi ömrünün çox hissəsini Şam bölgəsində, Həmdanilər dövlətinin hökmdarı Seyfüd-dövlənin xidmətində keçirmişdir. Seyfüd-dövlə ona ayda 4 dirhəm həcmində məvacib verirdi. Bu məbləğ zahidanə həyat tərzi sürən Farabi üçün kifayət idi.

Rəvayətə görə, Farabi Seyfüd-dövlənin hüzuruna daxil olanda, ona oturmağı təklif edirlər. Farabi soruşur: "Siz göstərdiyiniz yerdə oturum, yoxsa özümə layiq bildiyim yerdə?" Cavab verirlər ki, özünə layiq bildiyi yerdə əyləşsin. Farabi gedib, Seyfüd-dövlənin taxtında oturur. Bundan heyrətə gələn hökmdar yalnız özünün və yaxın xidmətçilərinin bildiyi gizli dildə onlara söyləyir ki, əgər bu adam verəcəyim sualları cavablandıra bilməsə, onu döyüb məclisdən qovun. Farabi elə həmin dildə Seyfüd-dövləyə cavab verir: "Hökmdar, qərar verməyə tələsmə, az sonra hər şeyi özün görəcəksən". Seyfüd-dövlənin heyrəti qarşısında alim yetmişdən artıq dil və ləhcə bildiyini söyləyir.

Bundan sonra məclisdə olan alimlər Farabi ilə elmi mübahisəyə başlayırlar. Farabi bütün elm sahələrində mütəxəssisləri məğlub edir. Axırda Seyfüd-dövlə məclis əhlinin dincəlməsi üçün musiqiçiləri dəvət edir. Farabi musiqiçilərin çıxışlarına iradlarını bildirib, hər birinin səhvini deyir. Seyfüd-dövlə heyrət içində soruşur: "Məgər sən musiqini də bilirsən?" Bu sualın cavabında Farabi öz kisəsindən uda bənzər musiqi alətinin hissələrini çıxarır. Əvvəlcə bu hissələri müəyyən qaydada birləşdirir və alınan alətdə bir hava çalır. Məclis əhlinin hamısı musiqidən şadlanıb sevinir. Sonra Farabi alətin hissələrinin quruluşunu dəyişdirir və yeni alətdə ifa etdiyi musiqi ilə hamını ağladır. Üçüncü dəfə onun musiqisinin təsirindən bütün məclisdəkilər, hətta gözətçilər də yuxuya gedib yatırlar. Bəziləri bu alətin qanun (kanon) olduğunu söyləmişlər. Hər halda, kanon alətinin Farabi tərəfindən yaradıldığı iddia edilir.

Farabinin onlarla əsəri qalmışdır ki, bunların əksəriyyəti fəlsəfə, hikmət və əxlaq mövzusundadır. Onun bəzi kitabları Aristotel, Platon və Porfiriyə şərhlərdən ibarətdir. Bu sırada "İhsa əl-ülum" (Elmlərin siyahısı) əsərini xüsusi qeyd etmək yerinə düşər. Kitabda o dövrə kimi məlum olan elm sahələrinin təsnifatı verilir. Farabi bütün elmləri 5 bölməyə ayırmışdır:

1. Dilçilik;

2. Məntiq;

3. Riyaziyyat (hesab, həndəsə, optika, nücum, mexanika);

4. Fizika və metafizika;

5. Siyasət, hüquq və kəlam (fəlsəfə).


Farabi Şərq peripatetizminin (məşşailik) ən böyük nümayəndələrindən biridir. O, neoplatonizmin emanasiya nəzəriyyəsini özünəməxsus şəkildə işləyib-hazırlamışdır. Farabiyə görə bütün varlıq aləmi vahid başlanğıcdan, ilkin səbəbdən yaranmışdır. İlkin səbəbin ilk nəticəsi "birinci əql" deyilən məfhumdur. Ondan ikinci əql, yəni birinci fələk (səma), ondan da üçüncü əql (ikinci fələk) və s. yaranmışdır. O dövrün kosmoloji təsəvvürünə əsasən, kainat 9 fələkdən ibarət idi. Bu qayda üzrə emanasiya "fəal əql" deyilən onuncu əqlə, yəni doqquzuncu fələyə kimi davam etmişdir. Fəal əqldən dörd ünsür (torpaq, hava, od və su), bunlardan da canlı aləm yaranmışdır.

Ümumiyyətlə, Farabinin fəlsəfi dünyagörüşündə əql və şüur əsas yerlərdən birini tutur. O, insanın əxlaqi səviyyəsini də onun zehninin itiliyi, "ağıllılığı" ilə əlaqələndirirdi.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR