SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“Azərsu”da korrupsiya bulağı: 80 qəpiklik şlanq 7 manata silinir - ailə podratı...

9-11-2018, 17:23 | Oxunub: 79 |

“Azərsu”da korrupsiya bulağı: 80 qəpiklik şlanq 7 manata silinir - ailə podratı...

Ölkənin büdcə pullarını akula kimi udan və xarici kredit borcları içində boğan açıq səhmdar cəmiyyətlərindən biri də “Azərsu”dur

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, “Azərsu” ASC şəbəkələşmiş məmurların caynağındadır. Bu qurum ölkənin yeyinti çox olan sahələrindən biridir.

ASC prezidenti Qorxmaz Hüseynov, yaxın qohumları, ətrafında sıx birləşən məmuriyyət ordusu “korrupsiya bulağı”ndan su içirlər.

Su-kanalizasiya xətlərinin çəkilişi, sayğacların quraşdırılması, tender layihələri, eyni yerin 5 dəfə qazılıb tökülüb təmir olunması, işçi sayının şişirdilməsi və s. istiqamətlərdə yeyintilərə yol verilir.

Bu bazar o qədər genişdir ki, Q.Hüseynovla bərabər yaxın çevrəsi milyonçuya çevriliblər. Yəni adi su idarəsi müdiri oliqarx həyatı yaşamaqdadır.

Məsələn, 2017-ci ildə 1 kubmetr su-kanalizasiya xidmətlərinə görə maya dəyəri satış qiymətilə müqayisədə 2 dəfə çox olub.

Bu barədə "Azərsu" ASC-nin 2017-ci ilə görə maliyyə hesabatında deyilir. Hesabatda deyilir ki, 1 kubmetr su-kanalizasiya xidmətlinin maya dəyəri 1,17 manat təşkil edib.

"Maliyyə ilində əməliyyat zərəri olub, pul vəsaitlərinin dövriyyəsində kəsir olub. Buna səbəb Tarif Şurasının müəyyən etdiyi tariflərdir ki, bunlar da maya dəyərindən aşağıdır", - "Azərsu"nun hesabatında deyilir.

Məlumatda qeyd olunur ki, maya dəyəri 1,41 manat, satışa görə orta qiymət 0,74 olub. İqtisadçı Natiq Cəfərli facebook səhifəsində yazıb ki, "Azərsu" suyu maya dəyərindən 2 dəfə az satdığını bəyan edir, ancaq maya dəyərinin özü necə hesablanır onu açıqlamır.

“Xətləri büdcə vəsaitinin hesabına çəkirlər, dövlət büdcəsindən dotasiya və vergi güzəşti alırlar (bəzən vergi borcları ləğv olunur", suyun özü isə Kürdən gəlir, Qəbələ-Oğuz-Bakı xətti ilə su özü axır. Hansı səbəbdən “Azərsu” zərərlə işləməlidir?”.

İqtisadçı qeyd edib ki, “Azərsu”da üç beynəlxalq layihə üzrə çalışıb və gördükləri ona belə deməyə əsas verir ki, zərərə səbəb düzgün olmayan menecmentdir.

“Şirkətdə 10 mindən çox adam çalışır. Əslində 2 min nəfər çalışır, qalanları isə şirkət rəhbərlərinin qohumlarıdır və boş yerə pul alırlar. “Sədərək” yarmarkasında bir metri 80 qəpiyə satılan şlanq “Azərsu”da 7 manata sənədləşdirilir.

İl ərzində təmir-tikinti işlərində mənimsəmələrin həcmi Rusiyanın 300 il ərzində Qızıl Ordaya ödədiyi xəracı ötür. Belə olan şəraitdə suyun maya dəyərinin mətləbə dəxli yoxdur”.

Cahan.İnfo-nun media üzərindən məlumatına görə, “Azərsu” ASC sədri qohumunun şirkətinə əlverişli şərait yaradıb.

Q.Hüseynovun qaynı Namiq Cəbrayılovun övladı tərəfindən təsis olunan “Hidro-Lotos” firmasında vəsaitlərin qeyri-şəffaf xərclənməsi barədə iddialar var.

Əslində şirkətin qeyri-rəsmi icra müdiri Qorxmaz Hüseynovun doğma qardaşı Məhəmməd Hüseynovdur. Ancaq qaynı oğlu rəsmi şəkildə idarəçi kimi təqdim olunub.

Ancaq şirkətin Azərbaycan hökuməti içərisində əsas himayəçisi kimi SOCAR-ın prezidenti Rövnəq Abdullayevin də adı çəkilir.

Bununla belə, şirkət daxilində ən böyük pay sahibi Q.Hüseynovun özüdür və ən böyük layihələrin tenderdə qalibi bu şirkət olur.

Heç kəsə sirr deyil ki, bu şirkət Hüseynovun tenderləri udmaq və dövlət əmlakını mənimsəmək, ələ keçirib özününküləşdirmək üçün çox ciddi vasitədir. Əslində, buna təəccüblənmirik də.

Çünki Azərbaycanda bir çox məmurlar "tender oyunlarını udmaq" üçün özlərinə alt qurumlar, müxtəlif adda MMC-lər yaradırlar. Bu qurumlara isə yaxın qohumlarını təyin edərək "pul silmək"lə məşğul olurlar.

Yəni sağ əllə alib sol ələ ötütürlər. Bu yaxınlarda vəzifədən kənarlaşdırılan Eldar Mahmudovun da 80 nəfərdən yuxarı qohumunun vəzifədən atılması sıradan bir hadisə deyildi.

"Hidro İnşaat Servis”in udduğu tenderlərə və bunun müqabilində gördüyü işlərə gəlincə, həm şirkətin rəsmi səhifəsindəki rəqəmlərlə gördüyü işlər ciddi təzad təşkil edir.

İşlərin görüldüyü vaxt isə "ikinci hesabdar" sisteminin tətbiq edilməsi və "qara hesablar"la bağlı kifayət qədər məlumat var.

"Azərsu” ASC-nin tenderləri Q.Hüseynovun yaxın ətrafının talan obyektinə çevrilib və aparılan maxinasiya sistemində əsasən üç şəxsin adı çəkilir.

Onlardan biri - Qorxmaz Hüseynovun ən sevimli adamı olan bacısı oğlu Yusifəlidir.

Digəri qardaşı Məhəmməd, üçüncüsü isə qaynı və şirkətin təsisçisi Namiq Cəbrayılovdur. Bu klanın başında da məhz o dayanır...

Bir müddət öncə Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki "Şuşa” şəhərciyində yaşayan Füzuli rayonu Böyük Bəhmənli kəndindən olan məcburi köçkün Elnur Mənsur oğlu İsmayılovun "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovla bağlı prezidentə ünvanladığı şikayət məktubunu dərc edilmişdi.

Məcburi köçkün ASC rəhbərinin məmur qardaşının milyon manatlarla ölçülən obyektləri, villaları və istirahət mərkəzləri ilə bağlı foto-faktlar təqdim etmişdi. Faiq Hüseynov hələ də ARDNŞ-nin Qazma işləri trestinin rəis müavini vəzifəsində işləyir.

Onun Pirallahı rayonundakı mülkləri, aptek və mebel biznesi, təhsili, diplomu haqqında da bilgiləri geniş ictimaiyyətə təqdim edilib. “Azərsu” isə suyun maya dəyərindən ucuz satılmasından şikayətlənir.

Seymur Rəhimov
Emtv.az

Paylaş:
“Azərsu”da korrupsiya bulağı: 80 qəpiklik şlanq 7 manata silinir - ailə podratı...

















xeberci.info

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR