SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Türkiyə ilə meqalayihə: Azərbaycan nə qədər qazanacaq?

20-10-2018, 12:35 | Oxunub: 354 |

Türkiyə ilə meqalayihə: Azərbaycan nə qədər qazanacaq?

Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə ötən gün açılışı olan “Star” neft emalı zavodu çox böyük bir layihədir.

Emtv.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışındakı nitqini şərh edən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycan müstəqillik dövründə bütün layihələrini Türkiyə vasitəsilə həyata keçirib:

“Çünki qardaş Türkiyə ilə iqtisadi, siyasi, mədəni, humanitar və hərbi əlaqələrimiz çox yüksək səviyyədədir. Dövlət başçıları da çox mehriban və səmimi münasibətlərə malikdirlər. Məhz bunun sayəsində də Azərbaycan və Türkiyə bu gün hədəflərinə uğurla çatır. Bakı-Tiflis-Ceyhan, Bakı-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu layihələri məhz Türkiyə vasitəsilə həyata keçirilib. Ötən gün isə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” neft emalı zavodunun açılışı oldu. Bu zavodun istifadəyə verilməsi Azərbaycan və Türkiyənin böyük uğurudur”.

Millət vəkili “Star”ın Avropada ən iri neft emalı zavodlarından biri olacağını bildirib:

“Layihənin dəyəri 6,3 milyard dollardır. Zavod ildə 10 milyon ton xam neft emal edəcək. Avropada ən iri neft emalı zavodlarından biri olacaq “Star” Türkiyənin daxili tələbatının 25 faizini tam ödəyəcək. Hətta Türkiyədə emal ediləcək neftin xarici bazarlara ixrac edilməsi də mümkündür. Bu isə ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan sözügedən layihədən ildə təxminən 800-850 milyon dollar mənfəət götürə biləcək. Bu isə ölkəmizin iqtisadi inkişafına böyük təkan verəcək. Azərbaycan və Türkiyə münasibətləri elə bir yüksək strateji səviyyəyə çatıb ki, dünyada bu cür iqtisadi və siyasi əlaqələrə malik olan ikinci nümunə yoxdur.

Türkiyə harada varsa, orada Azərbaycan, Azərbaycan harada varsa, orada Türkiyə var”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışını ediblər.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR