SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İnkişaf və tərəqqi ünvanına çevrilən Naxçıvan mədəniyyətlərarası dialoq məkanı kimi şöhrət qazanır

12-10-2018, 17:16 | Oxunub: 8 384 |

İnkişaf və tərəqqi ünvanına çevrilən Naxçıvan mədəniyyətlərarası dialoq məkanı kimi şöhrət qazanır

Muxtar respublikamızda həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində iqtisadiyyatın şaxələnməsi təmin edilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, özəl bölmənin inkişafı üçün əlverişli investisiya və rəqabət mühiti formalaşıb, əhalinin maddi rifahı və həyat səviyyəsi xeyli yüksəlib. Aparılan kompleks quruculuq işləri nəticəsində inkişafa, müasirliyə qovuşan yaşayış məntəqələrimizin siması tamamilə dəyişib, yeniləşib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, insan amilinə verilən yüksək qiyməti özündə təcəssüm etdirən bu quruculuq prosesində kənd yaşayış məntəqələrimiz özünəməxsus yer tutur. Görülən bu tədbirlər Şərur rayonunun Yengicə kəndini də əhatə edib, bura müasir yaşayış məntəqəsinə çevrilib, şəhər rahatlığı yaradılıb. Əvvəllər kənd sakinləri içməli su təminatından əziyyət çəkirdisə, muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində artıq bu məsələ də öz həllini tapıb. Sentyabrın 5-də bu yaşayış məntəqəsində içməli su şəbəkəsinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib, Yengicə kəndinin içməli su şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb.

“Şərur şəhər və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində kənddə 30 kilometrdən artıq içməli su xətləri çəkilib, 900-ə yaxın su birləşmələri həyata keçirilib. Bununla yaşayış məntəqəsinin 4 min 600 nəfərdən çox əhalisi keyfiyyətli içməli su ilə təmin olunub. Bu gün Yengicə kəndinə 24 saat Dünya Səhiyyə Təşkilatının tələblərinə uyğun içməli su verilir. Bu, muxtar respublikamızda insan amilinə verilən ən yüksək qiymətdir.

Naxçıvanda mədəniyyət və turizm sahələrinin, milli-mədəni irsimizin qorunması və inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Əsrlərdən bəri milli kimliyimizi özündə yaşadan tarix və mədəniyyət abidələrinə göstərilən qayğının nəticəsidir ki, həmin abidələr qorunur, onların bərpası diqqətdə saxlanılır, qalalar, türbələr, məscidlər, buzxanalar və hamamlar ilkin görkəmi saxlanmaqla bərpa olunur. Bu, Azərbaycanın tarixi keçmişinə böyük diqqət, gələcəyinə əsaslı töhfədir. Nəzər yetirsək görərik ki, bu abidələr heç də sıradan tarixi abidələr deyil. Onların hamısı İslam dini və mədəniyyətinin formalaşmasını özündə əks etdirən tarixi-dini tikili, bəziləri dünya əhəmiyyətli, bəziləri isə Azərbaycanın milli dövlətçilik ənənələrini özündə yaşadan tarixi abidələrdir. Bu abidələr Naxçıvanda əsrlərboyu formalaşan sivilizasiyanın “daş təmsilçiləri” kimi çıxış edirlər. Ona görə də həmin abidələri Azərbaycana, ümumilikdə isə dünyaya yenidən bəxş edənləri, tarixi yaşadanları tarix də mütləq yaşadacaqdır.

Qədim diyarımızda bu istiqamətdə görülən işlərin davamı olaraq XVIII əsrdə tikilən və sonralar dağıntılara məruz qalan Yengicə kəndindəki Şərq hamamı sentyabrın 5-də bərpadan sonra istifadəyə verilib.

Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib, Yengicə kəndindəki Şərq hamamının “Muzey günləri” qrafikinə daxil edilməsi, muxtar respublikada yaşayan və fəaliyyət göstərən sənətkarların qeydiyyata alınması, eləcə də onların bundan sonra da lazımi iş şəraiti ilə təmin olunması barədə müvafiq tapşırıqlar verib.

Naxçıvan şəhərindəki tarixi binalar da qorunur, yenidən qurulur. Hazırda Naxçıvan şəhərinin Atatürk küçəsindəki 6 nömrəli binada yenidənqurma işləri aparılır. Tikinti işləri başa çatdıqdan sonra binada Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Cəmşid Naxçıvanskinin ev-muzeyi yerləşəcək. Sentyabrın 13-də Ali Məclisin Sədri binada aparılan yenidənqurma işləri ilə tanış olub.

Reallıqdır ki, cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi olan təhsil intellektual potensialı formalaşdırır, vətəndaşı cəmiyyətdə ən məhsuldar təfəkkürlü qüvvəyə çevirir, milli-mənəvi dəyərləri qoruyur və tənzimləyir, insan kapitalını formalaşdırır. Bu gün qürurla deyə bilərik ki, Heydər Əliyev ideallarına sədaqətin, onun işıqlı yolunun uğurla davam etdirilməsi nəticəsində Naxçıvan maddi dəyərlərin insan kapitalına çevrildiyi bir məkandır. Doğma diyarımızda bütün sahələr üzrə kadrların hazırlanmasına xüsusi diqqət yetirilir, səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür. Naxçıvan Tibb Kollecinin binasında əsaslı yenidənqurma işlərinin aparılması da bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin davamıdır. Yenidənqurma işlərindən sonra kollec müasir tibbi təhsil müəssisəsinə çevrilib. Müəllim və tələbələr üçün hərtərəfli tədris şəraiti yaradılıb. Hazırda kollecdə elektron tədris vasitələri tətbiq olunmaqla, 39 qrupda 8 ixtisas üzrə 702 tələbə təhsil alır.

Sentyabrın 13-də Ali Məclisin Sədri Bilik Günü ərəfəsində Naxçıvan Tibb Kollecinin binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, kollecin elektron dərslik fondunun zənginləşdirilməsi, müəllim və tələbələrin təcrübə mübadiləsinin davam etdirilməsi, tədris prosesində qədim tibbi metodların və ənənələrin də öyrədilməsi barədə tapşırıqlar verib.

Yuxarıda qeyd etdiyimiz kimi, bu gün muxtar respublikamızın kənd yaşayış məntəqələrində quruculuq işləri ən yüksək səviyyədə aparılır. Bununla hətta ucqar yaşayış məntəqələrimizdə də sosial-mədəni infrastruktur obyektləri müasir standartlara uyğun tikilərək istifadəyə verilir, sahibkarlığın, buna paralel olaraq kənd turizminin inkişafı üçün münbit şərait yaradılır, insanların yaşayış şəraiti yaxşılaşdığından onların yurda, torpağa bağlılığı daha da artır. Rahatlığı şəhərlərimizdən seçilməyən kəndlərimizdə yaşayan təşəbbüskar sakinlərin sayı artdıqca, burada müxtəlif təsərrüfat sahələri yaradılır, yeni iş yerləri açılır, yerli məhsul istehsalı çoxalır. Sentyabrın 15-də Şərur rayonunun İbadulla kəndi də muxtar respublikanın belə abad yaşayış məntəqələri sırasına daxil olub.

Həmin yaşayış məntəqələrimizdə gələcəyimiz olan uşaq və yeniyetmələrin ən müasir şəraitdə təhsil almaları üçün də kompleks tədbirlər həyata keçirilir, gözəlliyi ilə gözoxşayan, hər cür maddi-texniki bazaya malik məktəb binaları tikilib istifadəyə verilir.

İllər öncə muxtar respublika rəhbəri demişdi ki, vaxt gələcək kəndlərdə ən hündür binalar məktəb binaları olacaq. Artıq bu sözlər həyatda öz təsdiqini tapıb: muxtar respublikanın kəndlərində ən hündür binalar məktəb binalarıdır. Bu, bir daha təsdiq edir ki, dövlətimiz təkcə bu günümüzə yox, gələcəyimizə də böyük qayğı göstərir. Bilik Günündə İbadulla kəndində istifadəyə verilən müasir məktəb binası da bunun növbəti nümunəsidir.

Məktəb binasının açılışında iştirak edən Ali Məclisin Sədri muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü münasibətilə təbrik edib, gənclərə müraciətlə deyib: “Müasir dünyanın reallıqları onu göstərir ki, müstəqillik və sabitlik şəraitində yaşamaq, təhsil almaq heç də hər kəsə nəsib olmur. Hər bir gənc bugünkü müstəqilliyimizin, sabitliyimizin və inkişafımızın qədrini bilməli, Ulu Öndərimizin əsəri və əmanəti olan qüdrətli Azərbaycanın əsl vətəndaşına çevrilməlidir. Siz bu gün nə qədər yaxşı oxusanız, elmlərə və biliklərə nə qədər dərindən yiyələnsəniz müstəqil Azərbaycanın gələcəyi də bir o qədər parlaq və işıqlı olacaqdır”.

Təhsil ocağında yaradılan şəraitlə tanış olan Ali Məclisin Sədri elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçilən interaktiv dərsi izləyib. 214 təhsil müəssisəsinin qoşulduğu interaktiv dərsdə şagirdlərə ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilib.

Həmin gün İbadullada kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, Xanlıqlar-Vərməziyar-İbadulla-Qışlaqabbas-Ərəbyengicə avtomobil yolu və İbadulla Radio-Televiziya Verici Stansiyasının yeni binası istifadəyə verilib. Bütün bunlar hər bir sakinin rahatlığına xidmət edir. Çünki müasir və abad yollar, tikilən əhəmiyyətli sosial obyektlər inkişaf və rahat həyat deməkdir. Bu isə dövlətimizin öz vətəndaşlarına qayğısının əyani ifadəsidir.

Hər il Məhərrəm ayı və onun Aşura günü muxtar respublikada İslam dəyərlərinə uyğun qeyd olunur. 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı kimi əhəmiyyətli bir missiyanın daşıyıcısı, dünyada İslam mədəniyyətinin bayraqdarı olan Naxçıvan şəhərindəki Cümə məscidində sentyabrın 20-də Aşura mərasimi keçirilib.

Ali Məclisin Sədri Aşura mərasimində iştirak edib.

Muxtar respublikada aparılan geniş tikinti-quruculuq işləri sırasında yol təsərrüfatı da xüsusi çəkiyə malikdir. Müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodlarının, qum-çınqıl karxanaları və bitum anbarlarının istifadəyə verilməsi, yeni texnikaların alınması yol tikintisinin əhatə dairəsini xeyli genişləndirib. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin maddi-texniki bazası möhkəmləndirilib, istehsal olunan asfaltın vaxtında yerlərə çatdırılması və asfalt-beton örtüyünün keyfiyyətlə salınması üçün yeni mexanizmlər alınıb. Yol infrastrukturu müasirləşdirilərkən diqqətdə saxlanılan əsas məsələlərdən biri də yerli tikinti materiallarından istifadə etməklə keyfiyyətli asfalt istehsalına nail olmaqdır. Sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni Asfalt-Beton Zavod Kompleksinin istifadəyə verilməsi də məhz bu sahədə görülən işlərin davamıdır.

Zavodun açılış tədbirində iştirak edən Ali Məclis Sədrinin qeyd etdiyi kimi, muxtar respublika ərazisində kifayət qədər daş və qum-çınqıl ehtiyatı vardır. Bu, keyfiyyətli asfalt istehsalında mühüm amildir. Yerli xammal əsasında işləyəcək asfalt-beton zavod muxtar respublikada yol tikintisinə böyük təkan verəcəkdir. Hər il Naxçıvanda 100 kilometrlərlə yeni avtomobil yolları çəkilir. Muxtar respublikanın şəhərdaxili, rayon və kəndlərini birləşdirən avtomobil yolları yenidən qurulur, keyfiyyətli asfalt örtük salınır. Hazırda Culfa-Ordubad magistral, Babək rayonunun Cəhri-Yuxarı Buzqov və Ordubad rayonunun Dəstə kənd, eyni zamanda, Naxçıvan şəhərinin avtomobil yolları yenidən qurulur. Həmin yollarda işlərin keyfiyyətlə aparılması üçün müasir asfalt-beton zavodun qurulmasına ehtiyac var idi. Çünki əvvəlki illərdə quraşdırılmış zavod öz istismar müddətini başa vurduğundan keyfiyyətli asfalt istehsal olunmurdu. Yeni asfalt-beton zavodun qurulması muxtar respublikada bundan sonra da keyfiyyətli yolların çəkilməsinə imkan verəcəkdir. Müəssisənin fəaliyyətə başlaması gənc mütəxəssislərin işlə təminatına da öz töhfəsini verir.

Sentyabrın 21-də Ali Məclisin Sədri idarəetmə otağında zavodu işə salıb, alınan yeni texnikaların açarlarını təqdim edib.

Bu gün sabitliyin və əmin-amanlığın hökm sürdüyü muxtar respublikamız özünün sosial-iqtisadi inkişafı, abadlığı ilə hər kəsin diqqətini cəlb edir. Multikultural dəyərlərin yaşadıldığı Naxçıvan artıq dünyanın mütərəqqi təşkilatlarının tədbirlərinə ev sahibliyi edir, Şərqlə Qərb arasında müxtəlif əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyi mühüm körpüyə çevrilir. Təsadüfi deyil ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı statusunu daşıması Naxçıvanın İslam dünyasındakı yerini müəyyən edirsə, ötən ay Avropa İttifaqının üzvü olan dövlətlərin diplomatik nümayəndələrinin iştirakı ilə Naxçıvanda “Avropa günləri”nin keçirilməsi bu qədim diyarın Qərb üçün də əhəmiyyətini ortaya qoyur.

Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində keçirilən “Avropa günləri”ndə iştirak etmək üçün muxtar respublikaya gələn Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və İttifaqa üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb. Ali Məclisin Sədri Naxçıvan şəhərində “Avropa günləri”nin keçirilməsini muxtar respublikaya olan etimadın və tədbirlərin yüksək səviyyədə təşkilinə inamın ifadəsi kimi dəyərləndirib.

Sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa şəhərciyi”nin açılış tədbiri keçirilib. Ali Məclisin Sədri tədbirdə iştirak edib, nümayiş olunan sərgilərə baxıb, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasa Naxçıvan xalçası hədiyyə edib.

İslam ölkələri də bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin inkişafına xüsusi önəm verir. Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz əl-Rumi ilə görüşüb. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Küveyt Dövləti arasında qarşılıqlı əlaqələrin inkişafı üçün imkanların olduğunu diqqətə çatdırıb.

Sürətlə inkişaf edən, regionda və dünyada nüfuzu durmadan artan Azərbaycan Respublikası strateji müttəfiqləri ilə əlaqələrini genişləndirir, özünün milli maraqlarını ön planda tutaraq bölgənin aparıcı dövlətləri ilə qarşılıqlı əməkdaşlığı müasir dövrün tələbləri çərçivəsində inkişaf etdirir. Bu mənada, Rusiya ilə Azərbaycan arasında mövcud əlaqələr həm rus, həm də Azərbaycan xalqlarının maraqlarına cavab verir. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Rusiyanın regionları arasında iqtisadi-ticarət və humanitar əlaqələrin, xüsusən turizmin inkişafı üçün geniş imkanlar mövcuddur.

Sentyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşüb.

Ali Məclisin Sədri qonağı ümummilli liderimiz Heydər Əliyevin vətəni Naxçıvanda görməkdən məmnunluğunu bildirib, təhsil və turizm sahəsindəki əlaqələrdən bəhs edib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Muxtar respublikada inkişafın yeni konturlarını müəyyən edən perspektivli dövlət siyasətinin həyata keçirilməsi, bütün sahələr üzrə innovativ yeniliklərin tətbiq olunması onu çiçəklənən, abadlaşan möhtəşəm bir diyara çevirib. Ulu öndər Heydər Əliyevin strateji inkişaf xəttinin həyata keçirilməsinin, qurucu rəhbərin öz Vətəninə, elinə bağlılığının, Vətən və dövlət sevgisindən doğan gərgin əmək və misilsiz əzmkarlığın nəticəsidir ki, tarixən “Şərqin qapısı” adlandırılan qədim diyarımız bu gün regional informasiya və mədəniyyət mərkəzlərindən biri kimi şan-şöhrət qazanıb. Naxçıvan vaxtilə bizim xəyallarımızın belə çata bilmədiyi zirvələrə ucalıb.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR