06 sen 11:03Oxunub: 440 |

Sazlı-sözlü el aşıqlarımız həm Azərbaycanı, həm də qədim Naxçıvan toprağını dünyaya tanıdırlar.

Sazlı-sözlü el aşıqlarımız  həm Azərbaycanı, həm də qədim Naxçıvan toprağını dünyaya tanıdırlar.

Aşıq musiqisi "Dədə Qorqud" dastanından başlayaraq aşıq mədəniyyətinin inkişafı böyük bir tarixi dövrü əhatə edir. Aşıq sənəti həmişə xalq həyatı ilə bağlı olmuş, cəmiyyətdə baş verən hər bir hadisəyə öz münasibətini bildirib. Aşıq öz simasında böyük bir professional sənətkarı təmsil edir. O, bir neçə sənət növünü birləşdirir həm oxuyur, həm şeir söyləyir, həm rəqs edir. Naxçıvan aşıq sənətinin inkişafında Şərur bölgəsinin özünəməxsus yeri var. Bu bölgədən ustad Aşıq Kosacanlı, Aşıq Əli Şəhriyarlı və Hüseyn Arpaçaylının adlarını iftixarla çəkmək olar. Şərur rayonunda anadan olmuş qadın sənətçi Aşıq Nabat sonralar Xan Şuşinski ilə birgə xanəndəlik etmiş, "Sinəmdə", "Gözəllər", "Yaxşıdı", "Bahara" kimi qoşmalar yazıb –yaradıb.

Arxiv materiallarından məlum olur ki, Azərbaycan xalq yaradıcılığının ən zəngin qollarından birini elə Naxçıvan aşıqları təşkil edir. Bu günlərdə Azərbaycan aşıqlarının qurultayında Naxçıvandan 5 nəfər nümayəndəmizin iştirak etməsi elə bu vilayətdə aşıq sənətinin yüksək inkişaf etməsindən xəbər verir.

Hələ 1935-ci ildə Naxçıvanda Aşıqlar ittifaqının yaranması böyük bir hadisə idi. Həmin ittifaqda 50-dən çox Naxçıvan aşığı cəmləşmişdi. Azərbaycan Aşıqlar Birliyinin məlumatına görə, 1993-cü ildəki qurultayda da MR-dan 8 nəfər aşığımız iştirak edib. Bu gün iftixar hissi ilə qeyd etməliyik ki, Naxçıvan vilayətində iyirmiyədək el sənətkarı aşığımız var ki, onlar bütün el bayramlarında xalq qarşısında ləyaqətlə öz rübailəri, təcnisləri, qoşmaları, dodaqdəyməzləri və dastanları ilə çox məharətlə çıxış edirlər. Xalq içərisində onlar çox böyük hörmətə malikdirlər. Tarixi mənbələrə istinad edərək arxivlərdən bir neçə aşığımız barədə məlumat əldə etmişik ki, bu el aşıqları öz peşələrini 70-dən artıq ömür sürsələr də, gənc nəslə öyrətməklə böyük irs qoyublar.

Belə aşıqlardan Naxçıvan MR-in müxtəlif rayon və kəndlərindən çıxan aşıqlar olub.

Çalxanqaladan aşıq Kamil Həsənov, Şərurdan Ağ Aşıq, Aşıq Alının ustadı olmuş Aşıq İmamqulu, Aşıq Həmid Ağamalıyev, Aşıq Həmid Abdullayev, Aşıq Əli Xanxanımoğlu, Ağ Aşıq Yusif Cəfərov, Çoban Fərman, Aşıq Heyran xanım, Aşıq Nabat, Molla Mehdi, Gülalı Məmməd, Aşıq Cəfər, Aşıq Cəlil, Aşıq Nəsib, Şahbuzdan Sərraf Qasım, Sədərəkdən Dəllək Vəli və İbrahim Həsənovlar, Aşıq Qeysərli İsmayıl, Kabatağı oğlu Mahmud və başqaları toylarda sabahadək şirin, yaddaqalan dastan və qoşmaları, təcnisləri ilə xalqı əyləndiriblər. Şanlı tariximizin qəhrəmanlıq səhifələrində Naxçıvan qadın aşıqları şöhrətli, şərəfli yer tutublar.

Naxçıvanda yazıb-yaradan ilk qadın aşıqlarımızdan biri Aşıq Heyran xanım olub. O, XX əsrin ortalarında Naxçıvanda yaşayıb. Onun həyat və fəaliyyəti barədə bir dolğun məlumat yoxdur, yalnız Aşıq Hüseyn onun barəsində "Heyran xanım" dastanını yazıb. 1971-ci il onun haqqında aşıq Hüseyn Şəmkirli öz kitabına "Heyran xanım" dastanını əlavə edib. Bir də folklorçu-tədqiqatçı Vəli Xudulu Heyran xanım haqqda müəyyən məlumatlar verib.
Heyran xanımın bizə bir qoşması məlumdur.

"Namə yetər olsan Aşiq Hüseynə,
Saz götürüb, Naxçıvana de gəlsin,
Aşıqlıq elmindən xəbərdar isə,
Qəvvas kimi bu ümmana de gəlsin.

Fanidən, Baqidən xəbəri varsa,
Sinəsində dürü-gövhəri varsa.
Divani-təcnisdən bəhəri varsa,
Karvan çəksin bu meydana, de gəlsin ".

(Bu məktubu Heyran xanım Aşıq Hüseynə ünvanlayıb)

Qadın aşıqlarımızdan biridə Aşıq Nabat 1914-cü ildə Şərurda dünyaya göz açıb. O, 300-dən çox şeirin müəllifidir. Aşıq Nabat həm Şərurda, həm də Gəncədə, həm Bərdə də, həm Yevlaxda, həm də Gürcüstanda tanınmış el sənətkarı olub. Aşıq Nabat 1973-cü ildə doğma Şərur rayonunun Siyaqut kəndində dünyasını dəyişib. Bu gün onun sazı Şərur rayon muzeyində saxlanılır.

Bu günədək ola bilsin heç kəs bilmir ki, görkəmli Aşıq Alının ustadı Şərurun Kosacanlı kənd sakini Ağ Aşıq ləqəbi ilə yazıb yaratmış Allahverdi olub. Göyçədə tanınmış aşıq Allahverdi Baba oğlu zəmanənin eybəcərliklərini öz şeirlərində haqlı olaraq tənqid atəşinə tutur.

O, bir şerində öz təxəllüsünü bildirir və Göyçədə yaşadığını açıqlayır.

"Allahverdi neylər dünya malını,
Vəsf edər Göyçəni, öz mahalını.
Yaxın dostlar Ağ Aşığın halını,
Sormaq üçün bu diyara gəlibdir.

Eləmi Göyçəyə mən,
Gözələ, göyçəyə mən,
Qürbətdə həsrət qaldım,
Vətənim Şərura mən ".

Yəni Aşıq Allahverdi Göyçədə yaşasa da, Vətəni Şərurun həsrəti ilə çırpınır.

Əzizim şərilə mən,
Düşmüşəm şər ilə mən,
Sərdar Evin yıxılsın,
Həsrətəm Şərilə mən.

Həmid Ağamalıyev də çox tanınmış el sənətkarı olmuş, doğulduğu Şəruru hər yerdə vəsf edib. O belə deyir:

Əzizinəm qulaq asın,
Deyirəm dastan Şərura,
Oğlanları igid, mətin,
Qızları ceyran Şərura.
Gündə yüz min qonaq gəlsə,
Olacaq heyran Şərura.
Belə bir elin yolunda,
Hansı igid qıymaz cana,
Bir canım var Aşıq Həmid,
Qoy olsun qurban Şərura ".

Molla Mehdi də çox ağıllı, nəsihətli şeir və qoşmaları ilə tanınıb. O şeirində belə deyir.

"Çayı ver çay içənə,
Vermə ayran içənə,
Nəinki yoldan keçənə,
Birdəki, yonca biçənə ".

Aşıq Əli Xanxanımoğlu, Aşıq Vəli və İbrahim Həsənovlar da Sədərəkdə XIX əsrdə tanınmış el aşıqları olublar. Aşıq Əli Xanxanım oğlunun öz doğma yurdu Sədərəyin tanınmış yerlərinə şeir qoşaraq tanınıb.

"Qarşıda dayanan Ucubiz dağı,
Aşan yollar yar yanına gedirmi?
Gözəllər yığnağı, qızlar bulağı
Aşan yollar Sədərəyə gedirmi?”

Aşıq Vəli bir dəfə Əli qlavanının yanına şikayətə gedərkən ona şeirlə cavab verib. Bu şeir Əli qlavanının xoşuna gəldiyi üçün və ona 2 sot torpaq bağışlayıb.
“Çox hörmətli Əliqlava,


Hüzuruna gəlibdi dəllək Bəynəva,
Ustadımı gördüm, başım yerə dikildi,
Qarşımdakı stəkanım yerə töküldü.
Bayraməli oğlu Oruc ülgücü götürüb əkildi,
Min bir zülm ilə İbrahim ülgücü geri götürdü.”

XIX əsrdə Sədərəkdə öz duzlu və şirin söhbətləri ilə iz qoyub gedənlərdən Kabatağı oğlu Mahmud və Qeysərli İsmayıl olublar. Onlar məclisdə səhərədək dastan danışmaqdan yorulmayıb və xalqın gözündə özlərinin əbədi heykəlini ucaldıblar.

XX əsrdə yaşayıb-yaratmış Ağ Aşıq ləqəbi ilə tanınanlardan biri də Aşıq Yusif Cəfərovdur. O da 1930-cu ildə Sədərəkdə doğulub. 1250-dən artıq şeiri, qoşması, təcnisi, dodaqdəyməzi, iki dastanı bizə yadigar qalıb. Onun yazdıqlarının çoxu bu günədək işıq üzü görməyib. O, Aşıqlar Qurultayında nümayəndə kimi çıxış etmiş xalq şairi Hüseyn Ariflə, Aşıq Hüseyn Saraclı ilə İrəvanda yaşayıb, Gülüdüzü kəndindən olan Səyyad Məmmədlə yaxından dostluq edib. Bu yazının müəllifı hələlik onun yalnız 220 səhifəlik kitabını nəşr etdirməyə nail olub, ikinci kitabını çapa hazırlayır. Onun bir qoşmasını oxuculara çatdırırıq:

Məndən salam olsun Səyyad Məhəmmədə
Ustad sözü el içində alınmır.
Bütün Aləm olub caz, stilyaqa,
O səbəbdən mənim sazım çalınmır.

Ağ Aşığam, dərdim çoxdur a, zalım,
Mən qıymaram dost qadasın az alım.
Coşqun seləm, çətin-çətin azalım,
Məni tarixlərdən danana, çətin.

Ağ Aşıq Yusif Cəfərov 1996-cı ildə vəfat edib. Gələcəkdə Naxçıvan aşıqlarının tədqiqat işini davam etdirmək niyyətindəyik. Onu da qeyd etmək istərdik ki, 2012-ci ildə şair Budaq Təhməzin qələmindən süzülən aşıq Məhəmməd Qurbanoğlunun şərurlu oğlu kimi iki şeiri üzə çıxıb. Onun “Necoldu?” və “Dağ qızı” şeirlərini oxuculara təqdim edirik.

NECOLDU?

Daşarxın qabağı cadanın yazı,
Sinəmə basmışam sədəfli sazı.
Başına döndüyüm Sənəmin qızı,
Bizim ellər belə keçdi, necoldu?

Qulağında sırğa, burnunda tana,
Görən müsəlmanlar gəlsin imana.
Səndən xəbər alım, Qarovulxana,
Bizim ellər belə keçdi, necoldu?

Zərnimtənə qıraxları çalmalı,
Sən də heç olmadın bizə bənalı.
Yol üstündə məskən salmış Gənəli,
Bizim ellər belə keçdi, necoldu?

Yazıq Məhəmmədin solub gülləri,
Görünmür yarının qara telləri,
Ağ Manqalın eniş-yoxuş yolları,
Bizin ellər belə keçdi, necoldu?

DAĞ QIZI

Əyricə yolları bucaq bucaqdı,
Dağ qızı, saçların qucaq-quçaqdı.
Aləm bilir Əbdüləsər ocaqdı,
Biz də gələk ziyarətə, dağ qızı.

Yaz gəldi, yüklənib dırmandın dağa,
Saldın yollarını Südlü bulağa.
Yaxşı hörmətin var gələn qonağa,
Qonağın olaram mən də, dağ qızı.

Məhəmməd Qurbanam, sinə dağlıyam,
Mən həm aranlıyam həm də dağlıyam,
Sənin vurğununam, sənə bağlıyam,
Sənsiz mən solaram, inan, dağ qızı.

Xatıtlatmaq istərdik ki uzun müddət toylarımızın, el şənliklərinin, musiqi məclislərinin bəzəyi olan həmin musiqi alətlərində mahir ifaçılarla yanaşı tulum ifa edən MR-da iki nəfər Şahbuzdan Cəbi Əhmədov və Sədərəkdən Rza Axundov olublar. Bu gün isə onların yolunu layiqincə davam etdirən sənətkarlardan biri 1931-ci ildə Şahbuz rayonunun Kolanı kəndində dünyaya göz açan və rayon uşaq musiqi məktəbində tulum alətinin sirlərini böyük həvəslə uşaqlara öyrədən Cəbi Əhmədovdur.
Azərbaycan ərazisində ən qədim zamanlardan geniş yayılan musiqi alətlərindən biri olan tulum haqqında daha ətraflı məlumat almaq üçün C.Əhmədova müraciət etdik. O bildirdi ki, başqa nəfəsli alətlər kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz və bir sıra Avropa xalqları arəsında geniş yayılmışdır. Əsasən heyvandarlıqla məşğul olan köçəri tayfalar tulumdan daha çox istifadə etmişlər.

Professor Hacı Tofiq
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Oxunub: 918
XƏBƏR LENTİ

Reklam
Məzənnə