Muxtar respublikada özəl sektorun uğurları artır » EMTV.az
18 iy 15:33Oxunub: 523 |

Muxtar respublikada özəl sektorun uğurları artır

Muxtar respublikada özəl sektorun uğurları artır
İşgüzar fəallığın və sərbəst iqtisadi mühitin bərqərar olduğu bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyəti əsas hərəkətverici qüvvə kimi cəmiyyətin iqtisadi və mədəni inkişafında mühüm rola malikdir. Tarixən sınaqdan keçmiş və demək olar ki, bütün sahələrdə insan həyatını dəyişdirən, innovativ yeniliklərin və yüksək texnologiyanın tətbiqi ilə ümumi inkişafı şərtləndirən ­sahibkarlıq, bu mənada, həm də yaradıcılıq sahəsidir. Sahibkarlığın inkişafı və onun rəqabətqabiliyyətliliyinin artırılması üçün göstərilən dövlət dəstəyi isə cəlbedici biznes və investisiya mühitinin formalaşdırılmasında mühüm rola malikdir.

Müasir dünya iqtisadiyyatı qlobal güclərin maraqlarının kəsişməsi fonunda kəskin rəqabət və yüksək­riskli proqnozlarla xarakterizə olunur. Təbii resursların getdikcə tükənməsi, istehsalda texnologiyaların tətbiqi və eyni zamanda məşğulluq məsələlərinin həlli, bu mənada, milli iqtisadiyyatların daha sağlam böyüməsi üçün daimi yollar axtarılmasını gündəmə gətirir. Bu baxımdan ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə iqtisadi təhlükəsizliyimizin daha da möhkəmləndirilməsi yolunda regional inkişafa verilən diqqət Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən sosial-iqtisadi inkişafın əsas prioritetlərindən biri kimi öz aktuallığını saxlayır. Cari il fevral ayının 9-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü zamanı dediyi kimi:Bu gün əsas məqsəd ondan ibarətdir ki, sahibkarlıq mühiti daha da genişlənsin. Daxili bazarda yerli məhsullar hesabına bolluq yaradılsın. Yeni iş yerləri açılsın, məşğulluq təmin edilsin. Muxtar respublikanın ixrac imkanları artsın”.

Muxtar respublika sahibkarları qarşısında çox sadə, ancaq mahiyyətcə dərin vəzifələr qoyulub. O vəzifələr ki indi bunlarsız blokadada olan Naxçıvanın çox qısa bir müddətdə əldə etdiyi nailiyyətlərdən danışmaq mümkün olmazdı. Qazanılmış uğurlar isə, sözün əsl mənasında, parlaq olub, qədim diyarı bütün ölkəmizin regionları arasında liderlik mövqeyinə yüksəldib. Muxtar respublikada sahibkarlığın inkişafının dəstəklənməsi onun iqtisadi potensialını artırmış, bunun nəticəsində Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxmışdır.

Son illər muxtar respublikada özəl sektor tərəfindən həyata keçirilən layihələr region iqtisadiyyatının şaxələndirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayıb. Rəqabət mühiti şəraitində sahibkarlara dəstək verilməsi, işgüzar fəallığın artırılması məqsədilə vahid konfederasiya ətrafında onların könüllü ittifaqının yaradılması qarşıya qoyulmuş məqsədlər baxımından əhəmiyyətli olub. 2006-cı ildən bəri fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası işini bu istiqamətdə quraraq sahibkarların uğurlu biznes fəaliyyətinə öz dəstəyini göstərməkdədir.
Muxtar respublikada özəl sektorun uğurları artır
Hazırda Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası 29 üzvü özündə birləşdirir. Bu sahibkarlar arasında sənaye və ərzaq məhsulları, mebel və tikinti materialları istehsalı, tibb və ticarət xidmətləri üzrə geniş profildə fəaliyyət göstərən iş adamları vardır. Muxtar respublikamızın müasir sosial-iqtisadi inkişafına daha yaxşı töhfə vermək üçün bu sahibkarları bir qurum altında birləşdirən konfederasiya öz işini günün tələbləri və verilmiş tapşırıqlar istiqamətində qurub. Bu barədə həmsöhbət olduğumuz konfederasiya sədri, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasov bildirdi ki, könüllülük əsasında belə bir təşkilatda birləşən sahibkarlarımızın məqsədi, şübhəsiz ki, ilk növbədə, doğma Naxçıvanımızın daha da çiçəklənməsi üçün yeni, səmərəli layihələrlə çıxış etmək, daxili bazarda məhsul bolluğu yaratmaq, daha keyfiyyətli xidmətlər təşkil etməkdir. Təkcə ötən il muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 60 layihə üzrə istehsal və xidmət obyektlərinin fəaliyyətə başlaması davamlı inkişafın əsas göstəricilərindəndir. Kiçik və orta sahibkarlığın inkişafının həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətinə çevrildiyi muxtar respublikada Sahibkarlar Konfederasiyası biznes fəaliyyətinə başlamaq istəyən iş adamlarına düzgün istiqamət verməyi özünün əsas vəzifələrindən biri hesab edir. Bu baxımdan sahibkarların hüquqlarını qorumağa, dövlət orqanları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək yaradılmış şəraitdən maksimum istifadə olunmasına köməklik göstərməyə çalışır.

“Ötən dövrdə Naxçıvanda fəaliyyət göstərən hər bir iş adamı dövlət dəstəyindən faydalanaraq öz layihələrini reallaşdırmaqda böyük nailiyyətlər qazanıb. Bu fikirləri sahibkarı olduğu “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının uğurları ilə əsaslandıran konfederasiya sədri bildirdi ki, yaradılmış şərait onların da səmərəli fəaliyyəti üçün stimul olub. Belə ki, hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı ticarət-kommersiya, ərzaq və qeyri-ərzaq məhsulları istehsalı, sənaye və xidmət sahələri üzrə fəaliyyət göstərir. İstehsal olunan məhsullar daxili tələbatı ödəməklə yanaşı, həm də ixrac olunur. Bu mənada, bazar iqtisadiyyatında daimi olaraq müəyyən problemlərin həll olunmasının, sahibkarlardan isə təhlili araşdırmalar aparılmasının tələb olunduğu bir mühitdə biznesə yeni başlayan digər iş adamlarına metodoloji dəstək verilməsi də sahibkarlıq konfederasiyası olaraq onlar qarşısında əsas vəzifələrdən biridir. Bu məqsədlə hər bir sahibkarın yeni bazar imkanlarının qiymətləndirilməsi və situasiyadan düzgün nəticə çıxarılması üçün ilk olaraq informasiya təminatına ehtiyacı vardır,” – ­deyən konfederasiya sədri işgüzar fəaliyyət üçün tələb olunan investisiyaların və görüşlərin əhəmiyyətini vurğuladı. Təkcə ötən il Naxçıvanda fəaliyyət göstərən sahibkarlara 10 milyon manatdan çox kreditlərin verilməsi, ölkə daxilində və xaricdə keçirilən 33 tədbirdə 150 sahibkarın iştirakının təmin olunması onların uğurlu fəaliyyətinə dəstək olub. Cari ildə də Naxçıvanda fəaliyyət göstərən 11 sahibkara verilmiş 5 milyon manatdan çox kredit vəsaiti sənaye və kənd təsərrüfatı məhsulları istehsalı üzrə müxtəlif sahibkarlıq qurumlarının, habelə ailə təsərrüfatlarının fəaliyyətlərinin genişləndirilməsinə mühüm dəstək olacaq.

Muxtar respublikada hər bir sahibkarın uğuruna xüsusi diqqət göstərilir. Onların səmərəli fəaliyyətləri dövlət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab ­İlham Əliyevin 2018-ci il 24 may tarixli Sərəncamı ilə üç nəfər naxçıvanlı sahibkarın Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunması Naxçıvanda fəaliyyət göstərən bütün sahibkar təbəqəsi təmsilçilərinin əməyinə verilən qiymət kimi hamının sevincinə səbəb olub.

Muxtar respublikada özəl sektorun uğurları artır
Konfederasiya sədri ilə söhbətimizdən bu qənaətə gəlirik ki, ötən dövrdə onların fəaliyyətlərini uğurlu saymaq olar. Belə ki, Naxçıvandakı sahibkarlar artıq dünyanın bir çox biznes qurumları ilə sərbəst əlaqələr saxlayır, sərgi və forumlara dəvətlər alır, işgüzar görüşlər keçirirlər. Bütün bunlarla əlaqədar konfederasiyanın http://nsk.org.az/ saytında müvafiq məlumatlar da əldə etmək olar. İş adamlarının müasir dünyadakı biznes mühitinin mənimsənilməsi baxımından maarifləndirilməsi də diqqətdə saxlanılır ki, bu da onların gələcəkdə daha uğurlu layihələr həyata keçirmələri üçün çox əhəmiyyətlidir. Çünki uğurlarımız artdıqca irəlidə bizi daha yeni layihələr gözləyir.(şərqqapısı)


Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyinin təşkilatçılığı ilə "EsmaMedia TV" İnternet kanalında Azərbaycan Mətbuatının yaranmasının 143-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR
Oxunub: 1327
XƏBƏR LENTİ

Reklam
Məzənnə