28 fev 15:26Oxunub: 209 |

Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir

Fevralın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXV baş məclisi keçirilib.

Emtv.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, dövlət və hökumət nümayəndələri, AzQAC-ın üzvləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Mərkəzdəki büstü önünə gül dəstələri düzüblər.

Mandat komissiyasının hesabatı dinlənildikdən sonra AzQAC-ın sədri, Milli Məclisin deputatı Novruz Aslanov tədbiri açıq elan edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra təşkilati məsələyə baxılıb, AzQAC-ın yeni nizamnaməsi təsdiq olunub, baş məclisin rəyasət heyəti, katibliyi, hesablama komissiyaları seçilib.

AzQAC-ın sədri Novruz Aslanov hesabat məruzəsi ilə çıxış edib.

Məruzədə bildirilib ki, 1920-ci ildə əsası qoyulan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını respublikada təmsil edən yeganə milli cəmiyyətdir. Azərbaycanın şanlı tarixinin ayrılmaz hissinə çevrilən Qızıl Aypara Cəmiyyəti hazırda respublikada ən böyük sosial bazaya malik qeyri-hökumət təşkilatlarından biridir. Bu gün Cəmiyyət öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir. Hər il bu statistika artır. Bu illər ərzində AzQAC öz fəaliyyəti ilə kifayət qədər uğurlar əldə edib. Respublikada həyata keçirdiyi tibbi-sosial, humanitar və digər layihələr, müxtəlif mövzularda apardığı maarifləndirmə işləri əhalinin sağlamlığını, təbii fəlakətlər və texnogen qəzalar zamanı davranış qaydalarını, ilk yardım və bu sahədə digər vərdişlərin mənimsənilməsi üzrə layihələr buna misaldır.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti xeyriyyəçilik kampaniyalarında iştirak etmək istəyən hər bir vətəndaşa şərait yaradır. Bu barədə danışan Novruz Aslanov deyib ki, belə kampaniyalar haqqında bütün məlumatlar Cəmiyyətin rəsmi internet səhifəsində yerləşdirilir. Bu da şəffaflığı təmin edən vacib amillərdən biridir.

Diqqətə çatdırılıb ki, AzQAC-ın əsas tərəfdaşları Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsidir. Həyata keçirilən layihələrdə bu təşkilatların böyük rolu var. Son beş ildə bu təşkilatlarla birgə kifayət qədər uğurlu layihələrə imza atılıb. Fövqəladə hallara hazırlıq və cavabvermə, HİV, AİDS və vərəmlə mübarizə, səhiyyə maarifi, gənclər və könüllülərlə iş və digər layihələr bu qəbildəndir.

Rəhbərlik etdiyi qurumun KİV-lə sıx əlaqədə işlədiyini deyən Novruz Aslanov AzQAC-ın təşkil etdiyi bütün tədbirləri operativ və geniş işıqlandırdığına görə AZƏRTAC-a minnətdarlığını bildirib.

İlkanə Orucova
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 951
XƏBƏR LENTİ

Reklam
Məzənnə