SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

CƏNABLAR MÜHARİBƏYƏ EHTİYAC VARSA BAŞLAYAQ-ERMƏNİSTAN AZƏRBAYCANIN QARŞISINDA DURUŞ GƏTİRƏ BİLMƏYƏCƏK

31-07-2017, 13:38 | Oxunub: 14 566 |

Faiq ƏHMƏDOV: Prezident İlham Əliyevin yürütdüyü balanslaşdırılmış siyasət təxribatlara qarşı yeganə təsirli üsuldur və öz maraqlarını təmin etmək istəyən hər hansı bir dövlət ilk növbədə Azərbaycanla hesablaşmalı, Azərbaycanla dostlaşmalıdır.

Abbas Abbasov faktoruna gəlincə isə, aydındır ki, bu fiqur əslində heç bir siyasi gücə, bazaya malik deyil və Azərbaycan iqtidarına qarşı bu amildən istifadə etmək ideyası yalnız çarəsizlikdən yarana bilər.
CƏNABLAR MÜHARİBƏYƏ EHTİYAC VARSA BAŞLAYAQ-ERMƏNİSTAN AZƏRBAYCANIN QARŞISINDA DURUŞ GƏTİRƏ BİLMƏYƏCƏK

Əslində həm prezident Putin, həm də Rusiya hökuməti bu dövlətin Cənubi Qafqazdakı bütün maraqlarının yalnız Azərbaycanla dostluq və əməkdaşlıq üzərindən təmin oluna biləcəyini və bunun alternativ variantının olmadığını yaxşı bilirlər. Bununla belə, süni yaradılmış Qarabağ probleminin həllində Rusiya hələ də öz imkanlarından Azərbaycanın qanuni hüquqlarının, ərazi bütövlüyünün təminatı üçün tam olaraq istifadə etmir. Əksinə, bəzi hallarda bu imkanların daha çox təcavüzkar ermənistanın maraqlarına xidmət etdiyini də müşahidə etmək olur. Bəs görəsən bunun hansısa bir məntiqi izahı varmı? Həm də belə bir mövqe Rusiya-Azərbaycan münasibətlərinin korlanmasına yol açmazmı?

Bu və bir çox digər suallara Emtv.az-ın əməkdaşı Türkan Xubyarzadənin “Azərbaycanın Səsi” İB-in sədri, “Müstəqil Lider” ictimai-siyasi jurnalının baş redaktoru Faiq Əhmədovdan aldığı müsahibədə aydınlıq gətirilir.

- Faiq müəllim, son vaxtlar Rusiya hökumətinin təcavüzkar ermənistana böyük dəstək verməsi barədə çox danışılır. Sizcə bütün bu deyilənlər kifayət qədər ciddi əsaslara malikdirmi?

- Əslində Rusiyanın ermənistanı bir çox sahələrdə dəstəkləməsini isbatlamağa çalışmaq, necə deyərlər, görünən kəndə bələdçilik etmək deməkdir. Amma hər halda bütün bunların əsassız ittiham olmadığını bir daha qeyd etmək olar. İlk növbədə Rusiyanın ermənistana güzəştli şərtlərlə və yaxud təmənnasız silah-sursat və hərbi texnika verməsi faktı özü Cənubi Qafqaz regionunda sülhün daima pozulma riski altında saxlanması deməkdir. Şimal qonşumuz isə, dəfələrlə belə addımlar atıb. Əlbəttə, hətta bu silahlara sahiblənməklə də, ermənistan artıq bundan sonra silahlı münaqişə baş verərsə, Azərbaycanın qarşısında duruş gətirə biləcək bir duruma heç zaman gəlməyəcək. Ölkəmizin güclü iqtisadiyyatı bizə regionun ən güclü ordusunu yaratmağa və bu ordunu ən müasir silahlarla silahlandırmağa imkan verdi və Azərbaycan dövləti də bu imkandan maksimum yararlandı. Lakin Azərbaycan bütün dünyada sülsevərliyi və tolerantlığı ilə tanınan bir dövlətdir. Bizim ordumuzun da yalnız sülhün, əmin-amanlığın qorunub saxlanmasına xidmət etdiyi də heç kimdə şübhə doğurmur. Halbuki, bu sözləri əsası ayrı-ayrı terror qruplaşmalarından yaradılmış erməni silahli birləşmələri barədə qətiyyən demək olmaz. Ermənistanın istər hökuməti, istərsə də hərbi rəhbərliyi son dərəcə aqressiv halları ilə hər zaman diqqəti cəlb edirlər ki, bu vəziyyətlərində də onlara nəinki “İsgəndər” raketlərinin, hətta adi sapandın belə təqdim olunması böyük fəsadlara gətirib çıxara bilər. Həm də ilk növbədə məhz elə erməni xalqının özü üçün.

- Bəs onda təcavüzkarı dəstəkləməkdə Rusiyanın əsil məqsədi nədir?

- Təbii ki, az öncə mənim dediklərimdən, hətta bundan yüz qat artığından və bəlkə də hələ bizim ümumiyyətlə bilmədiyimiz bir çox həqiqətlərdən Rusiya dövlətinin, xüsusi xidmət orqanlarının, siyasətçilərinin xəbərdar olmadığını düşünmək sadəlövhlük olardı.
Belə olduğu halda doğrudan da sual oluna bilər, niyə Rusiya birdəfəlik ermənistana “öz yerini göstərmir”..?
Yuxarıda da qeyd etdiyimiz kimi, şimal qonşumuzun Cənubi Qafqazda öz maraqları var və yüz illər boyu formalaşmış bu maraqlar da məhz Rusiyanın bu regionda yürütdüyü siyasətin əsas istiqamətləndirici amilidir. Eyni zamanda da ermənistan həmin bu maraqların təmin olunub-olunmamasına demək olar ki, heç bir təsir imkanına malik deyil. Hələ SSRİ dövründə ermənistan ümumi dövlət büdcəsinə verdiyindən qat-qat artığını həmin büdcədən alıb. Hətta bu respublikada əhalinin yaşam səviyyəsi Rusiya, Ukrayna, Belorusiyadan çox yüksək olub. Yəni ermənistan faktiki olaraq, heç zaman heç kimdən aldığının qarşılığını maddi baxımdan təmin etmək iqtidarında olmayıb. Bu gün isə, vəziyyət daha acınacaqlıdır.
Özünün təcavüzkar siyasəti nəticəsində ölkəni bütün regional layihələrdən kənar qoymuş ermənistan hökuməti hətta öz xalqını belə dilənçi vəziyyətə gətirmişdir.
Belə olan vəziyyətdə bu hökumət Rusiyaya nə verə bilər? Əlbəttə ki, heç nə!
Bəs onda Rusiyanın tutduğu mövqeyi hər halda necə izah edək? Bax elə bu məqamda da, artıq Cənubi Qafqaz regionunda dünyanın digər böyük dövlətlərinin maraqları və bu maraqların birbaşa Rusiya üçün həm iqtisadi, həm də hərbi təhlükə törədə biləcəyi ehtimalı diqqət mərkəzinə gətirilməlidir.

- Demək istəyirsiniz ki, ermənistan Rusiyanın dəstəyindən məhrum olduğu an onun regional maraqlarına xəyanət edəcək?
- Buna heç bir şübhə ola bilməz! Etiraf olunmalıdır ki, bu gün bir çox qərb dövlətləri SSRİ-nin dağılması prosesinin davamı kimi, Rusiyanın da bir superdövlət olaraq mövqeylərini itirməsi və sonda daha kiçik dövlətlərə parçalanması üçün ciddi cəhdlər göstərməkdədirlər. Məhz elə bu məqsədlə də bu gün Şimali Atlantika Alyansı (NATO) ölkələri və ilk növbədə ABŞ Rusiyanın yaxın sərhədlərində hərbi bazalarını, o cümlədən ən müasir zenit-raket komplekslərini yerləşdirməyə çalışırlar. Cənubi Qafqaz regionunda da bu qüvvələrin yerləşdirilməsi üçün ən münasib ərazilərdən biri də əlbəttə ki, ermənistan ərazisidir. Məlumdur ki, ermənilər tarix boyu özlərinin riyakar, xəyanətkar siyasətləri ilə tanınıblar. Bu gün Rusiya da gözəl başa düşür ki, ermənistana qarşı hazırki siyasətini azacıq sərtləşdirməklə, bu marionet dövlətin öz iplərini dərhal qərbin əllərinə verməsinə şərait yarada bilər. Bu isə, ümumilikdə Qafqaz regionunda Rusiyanın mövqeylərinə bəlkə də ən sarsıdıcı zərbənin vurulması demək olar.
Digər tərəfdən isə, Rusiyanın Azərbaycan tərəfindən qətiyyən belə gözləntisi və qorxusu yoxdur. Azərbaycanın bu gün sözün əsil mənasında tam müstəqil bir dövlət olduğu da və buna uyğun xarici siyasət yürütdüyü də bütün dünyaya məlumdur.
Ölkəmizin ərazisində hər hansı xarici dövlətin hərbi bazalarının yerləşdirilməsinin qeyri-mümkünlüyü barədə ölkə prezidenti cənab İlham Əliyevin müxtəlif vaxtlarda verdiyi bəyanatlar da Rusiya hökuməti üçün bu baxımdan ən etibarlı zəmanətdir. Buna görə də, bir tərəfdən Azərbaycanın regional sülhün qorunması, dinc qonşuluq və dostluq münasibətlərinin saxlanması prinsiplərinə sədaqətini, digər tərəfdən də ermənistanın hər zaman əl atmağa hazır olduğu xəyanəti obyektiv qiymətləndirən Rusiya bu marionet dövlətin hökumət rəhbərlərinin bəzi ambisiyalarını təmin etməyə hələ də məcburdur.

- Faiq müəllim, bu gün biz Rusiya-Azərbaycan münasibətlərinin korlanmasına yönəldilmiş bir sıra təxribat xarakterli cəhdlərin də tez-tez şahidi oluruq. Bununla bağlı nə deyə bilərsiniz?

- Əlbəttə ki, qərb dövlətlərinin Rusiyanın Cənubi Qafqaz regionunda mövqeylərini zəiflətmək planlarının əsas tərkib hissələrindən biri də Rusiya-Azərbaycan münasibətlərini korlamaqdır.
Qeyd etdiyimiz kimi, bu regionda öz maraqlarını təmin etmək istəyən hər hansı bir dövlət ilk növbədə Azərbaycanla hesablaşmalı, Azərbaycanla dostlaşmalıdır.
Konkret olaraq Rusiyaya gəlincə isə, Azərbaycanla dostluq münasibətləri bu ölkənin təkcə Cənubi Qafqazda deyil, həmçinin Yaxın Şərq regionunda da mövqeylərinə birbaşa təsir edən güclü amil kimi çıxış etməkdədir. Son vaxtlar Rusiya-Türkiyə münasibətlərinin nizamlanması və getdikcə daha çox tərəfdaşlıq məcrasına yönlənməsi də məhz Azərbaycanın səyləri nəticəsində mümkün olmuşdur.
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə baş tutmuş təkbətək görüşləri də, ölkələrimiz arasındakı dostluq münasibətlərinin hər iki tərəf üçün vacibliyini bir daha önə çəkdi.
Təbii ki, bu münasibətlərin inkişafı bir çox xarici dövlətləri narahat etməyə bilməz. Məhz bu səbəbdən də Azərbaycan-Rusiya münasibətlərinin “soyudulmasına” yönəldilən cəhdlər heç zaman səngiməyib. Elə bu günlərdə ölkə mətbuatında yayımlanan və Abbas Abbasovun (1992-2006-cı illərdə AR baş nazirinin birinci müavini) fəaliyyətilə bağlı olan məlumatları da qəbildən olan cəhdlərə aid etmək olar. Yazıda iddia olunur ki, guya Rusiyanın dövlət başçısı Azərbaycan iqtidarına qarşı mövqeylərdən çıxış edən və 2018-ci ildə ölkəmizdə keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olan Abbas Abbasova öz dəstəyini bildirib. Halbuki, hansısa bir təşəkkür məktubunu bu dərəcədə “dəyərləndirmək” qətiyyən heç bir məntiqə uyğun deyil. Hətta belə də demək olar ki, bu gün Azərbaycanda mövcud stabilliyin qorunub saxlanmasında ən çox maraqlı olan tərəflərdən biri də məhz Rusiyadır.
Bilavasitə Abbas Abbasov faktoruna gəlincə isə, aydındır ki, bu fiqur əslində heç bir siyasi gücə, bazaya malik deyil və Azərbaycan iqtidarına qarşı bu amildən istifadə etmək ideyası yalnız çarəsizlikdən yarana bilər.

- Amma Azərbaycan da öz xarici siyasətini yalnız Rusiya ilə münasibətlərin möhkəmləndirilməsinə istiqamətləndirmir. Demək olarmı ki, bu gün ölkəmiz Cənubi Qafqazda şimal qonşumuzla bərabər digər dövlətlərin də maraqlarının təmin olunmasına şərait yaradır?

- İlk növbədə hər zaman bunu yadda saxlamaq lazımdır ki, Azərbaycan hökuməti bütün hallarda və hər şeydən öncə Azərbaycan dövlətinin, Azərbaycan xalqının maraqlarının təmin olunmasına çalışır.
Möhtərəm prezidentimiz cənab İlham Əliyevin bütün xarici və daxili siyasəti də ilk növbədə məhz bu istiqamətə yönəldilib. Digər dövlətlərlə münasibətlərin qurulmasına gəlincə isə, cənab İlham Əliyevin bir siyasətçi kimi böyüklüyü və məharəti də elə bundadır ki, o, yürütdüyü balanslaşdırılmış siyasət sayəsində eyni zamanda həm regionda əmin-amanlığı, həm dövlətimizin müstəqilliyini, həm də ölkə daxilində iqtisadi-saiyasi sabitliyi təmin edə bilir
Bu gün məhz balanslaşdırılmış siyasət bütün siyasi təxribatlara qarşı yeganə və ən təsirli üsuldur. Rusiya ilə münasibətlərimizdən az öncə kifayət qədər danışdıq. Qardaş Tükiyə ilə mövcud münasibətlərin, düşünürəm ki, ümumiyyətlə heç bir təhlilə ehtiyacı yoxdur. Dünyanın digər (bəlkə də birinci) super-dövləti olan ABŞ-a gəlincə isə, bu ölkənin Azərbaycana olan marağı da kifayət qədər böyükdür. Xatırlayırsınızsa, may ayının sonlarında Azərbaycan prezidenti cənab İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanı qəbul etmişdi. Həmin görüşdə pezident İlham Əliyev Robin Danniqandan XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisinə ünvanladığı məktubda ifadə etdiyi xoş sözlərə görə ABŞ prezidenti Donald Trampa təşəkkürünü çatdırmağı xahiş etmişdi. Dövlət başçısı həmçinin qeyd etmişdi ki, ABŞ hökumətinin Azərbaycanın həyata keçirdiyi qlobal layihələri dəstəkləməkdə davam etməsi böyük əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlığımızın yaxşı tarixə malik olduğunu bildirən prezident İlham Əliyev vurğulayıb ki, Bakı-Tiflis-Ceyhan layihəsini və ondan sonra icra olunan layihələri, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsini ABŞ hökuməti həmişə güclü şəkildə dəstəkləyib və sərgiyə ABŞ prezidentinin ünvanladığı məktubda ifadə olunan fikirlər bir daha göstərir ki, Birləşmiş Ştatların yeni administrasiyası da bu layihəyə sadiqdir.
Göründüyü kimi, Azərbaycanın beynəlxalq aləmdə həm nüfuzu, həm də dostlarının sayı durmadan artır. Bu isə, möhtərəm prezidentimiz cənab İlham Əliyevin yürütdüyü son dərəcə uğurlu xarici və daxili siyasətinin daha bir nəticəsidir.

- Müsahibəyə görə çox sağ olun.

Müsahibəni hazırladı: Türkan Xubyarzadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR