02 iy 11:58Oxunub: 1415 |

NAXÇIVANIN MUXTARİYYƏT STATUSUNUN QORUNUB SAXLANILMASI MÜHÜM TARİXİ NAİLİYYƏTDİR

Ulu öndər Heydər ƏLİYEV: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq"
NAXÇIVANIN MUXTARİYYƏT STATUSUNUN QORUNUB SAXLANILMASI MÜHÜM TARİXİ NAİLİYYƏTDİR
İsmayıl HACIYEV,
AMEA Naxçıvan Bölməsinin Sədri, Akademik
Millət Vəkili


Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasından 91 il keçir.
Naxçıvan heç vaxt özünü Azərbaycandan ayrı təsəvvür etməmiş, bütün dövrlərdə dünyanın bir çox dövlətləri üçün coğrafi-siyasi və strateji əhəmiyyət kəsb etmişdir. Xüsusi ilə ötən əsrin əvvəllərində yaranmış şəraitdən istifadə edən erməni daşnaqları Naxçıvana qarşı ərazi iddiaları irəli sürmüş, bu diyarı Ermənistana qatmaq üçün bütün vasitələrə əl atmışlar. Bölgə əhalisinin inadlı müqavimətləri nəticəsində Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış, son nəticədə ona Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir.


Ümumimilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırmışdır. Həqiqətən də, Naxçıvan əhalisi, həmin dövrün demokratik ruhlu ziyalıları bölgənin təhlükəsizliyinə, erməni daşnaqlarının hərbi basqınlarına qarşı mərdliklə mübarizə aparmış, öz qanları bahasına qədim diyarı qorumuşlar. Hələ 1918-ci ildə Naxçıvan Milli Şurası Xalq Cumhuriyyəti hökümətinə yazdığı məktubda göstərdi ki, biz ermənilərə tabe olmuruq, tezliklə Azərbaycan qoşunları tərəfindən Zəngəzurun tutulmasını və Naxçıvannın Azərbaycana birləşməsini gözləyirik.
Qədim diyarın əhalisi o vaxt öz qəti fikrini bildirərək and içmişdir ki, “... biz Avropanın mədəni ölkələrinin alovları içərisində yanmağa razı olarıq, amma Naxçıvanı Azərbaycandan ayırmağa qoymarıq”. Naxçıvan İnqilab Komitəsinin Azərbaycan hökümətinə göndərdiyi 1920-ci il 10 avqust tarixli məktubunda da bildirilirdi ki, əhalinin böyük əksəriyyətinin qərarı ilə Naxçıvan özünü Azərbaycanı ayrılmaz hissəsi hesab edir. 1921-ci ilin əvvəlində Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda bölgə əhalisinin 90 faizindən çoxu Naxçıvanın muxtariyyət statusuna Azərbaycanın tərkibində qalmasına səs vermişdi.
Naxçıvanın muxtariyyət statusu məsələsində Nəriman Nərimanovun prinsipal mövqeyi, onun adından Behbud ağa Şaxtaxtinskinin Moskvada apardığı danışıqlar və 1921-ci il martın 1-də V.Leninə göndərdiyi məktub Rusiyanın Naxçıvan məsələsinə münasibətini müsbət istiqamətdə dəyişməsinə səbəb olmuşdur. Nəticədə Naxçıvanın muxtariyyət statusu RSFSR ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında imzalan Moskva müqaviləsində təsbit edilmişdir: “Razılığa gələn hər iki tərəf hazırki müqaviləni 1 (B) əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayətinin Azərbaycanın himayə altında muxtar ərzi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir”. Bu müqavilə Naxçıvanın taleyinin həll edilməsində mühüm rol oynamışdır.
1921-ci ilin oktyabrın 13-də RSFSR-in iştirakı ilə Azərbaycan SSR Ermənistan SSR Gürcüstan SSR və Türkiyə arasında imzalanmış Qars müqaviləsinə əsasən, Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirilmişdir. Müqavilənin 5-ci maddəsi və 3-cü əlavəsi Naxçıvanın ərazi mənsubiyyətini bir daha təstiqləmiş, onun sərhədlərini müəyyənləşdimişdir. Burada göstərilir ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir. Həmin müqavilələrlə Rusiya, Türkiyə və Cənubi Qafqaz respublikaları Naxçıvana Azərbayanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat vermişlər.
Muxtar qurumlar yaranma əsaslarına görə, milli-ərazi və inzibati-ərazi əlamətlərinə görə ayrılır. Naxçıvan Muxtar Respublikası dövlətin əsas ərazilərindən tam təcrid olunmuş vəziyyətdə - “anklav” ərazi kimi geosiyasi əsasa görə yaranmışdır. Belə coğrafi-siyasi əlamət tarixi zərurət kimi Naxçıvana muxtar hüquqların verilməsini şərtləndirmiş və qismət özünüidarə hüququnun tanınmasına yol açmışdır. Çünki Zəngəzur mahalının Ermənistan tərəfindən işğal edilməsi ilə Naxçıvan diyarı Azərbaycanın əsas ərazilərindən aralı düşmüş nəticədə onun muxtariyyət məsələsi gündəmə gəlmişdi. Ümümmilli lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Əgər Zəngəzur mahalını Ermənistana verilməsi olmasaydı, bəlkə də, Naxçıvanın muxtariyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik bir ölkə idi”.
Bu diyara muxtariyyət statusunun verilməsi ilə Azərbaycan SSR Naxçıvan üzərində hüquqlarından irəli gələn vəzifələri həyata keçirirdi. Lakin Naxçıvanın Azərbaycan SSR-in tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevralınadək ləngidilmişdir. Həmin il fevralın 9-da Azərbaycan SSR MİK-in dekretinə asasən, Naxçıvan Muxtar Ölkəsi Azərbaycan SSR-in tərkibinə Naxçıvan MSSR-ə çevrilmişdir. Bununla da Naxçıvanın statusu qəti şəkildə müəyyənləşdirilmişdir.
Naxçıvan 1921-ci il martın 16-dan Naxçıvan SSR, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yardılması 1924-cü ilin aprelində Azərbaycan SSR MİK tərəfindən təsdiq edilmiş Naxçıvan MSSR hqqında Əsasnamənin qəbulu ilə başlamışdır. Bu əsasnaməyə görə Naxçıvan Azərbaycan SSR-in tərkib hissəsi kimi ona muxtar respublika şəklində daxil olurdu. Qəbul olunmuş Əsasnamə muxtar respublikanın ictimai-siyasi, iqtisadi həyatını tənzimləyən əsas qanun verici akt olmuşdur. Bununla da, Naxçıvanın özünün qanunverici orqanları, icra hakimiyyəti olan muxtar quruma çevrilmişdi. Bu isə 1926-cı il aprelin 18-də qəbul edilmiş Naxçıvan MSSR-in birinci Konstitusiyasında hüquqi cəhətdən təsbit edilmişdi.
Naxçıvan MSSR-in sonraki konstitusiyalarında da Naxçıvan Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi göstərilmişdir. Naxçıvan MSSR-in Konstitusiyasında bu qədim diyarla Azərbaycan arasında qarşılıqlı münasibətlər dəqiq müəyyənləşdirlmişdi. Həmin Konstitusiyanın 52-ci maddəsində göstərilirdi ki, “Naxçıvan SSR Azərbaycan SSR-in tərkib hissəsidir və onun protektoratlığındadır”.
Məkrli erməni daşnaqları Naxçıvan əzəli və əbədi Azərbaycan torpağı olduğuna, bununla bağlı Sovet Ermənistanı hökümətinin özünün də 1920-ci ildə bəynatlar verdiyinə, nəhayət, Qars müqaviləsini imzaladığına baxmayaraq, bütün XX əsr boyu tarixi şəraitin ermənilərə xeyrinə işlədiyi vaxtlarda iddialarını ortaya qoymuş, onu “böyük Ermənistan”a birləşdirmək üçün gizli və açıq mübarizə aparmışlar. Xüsusi ilə ötən əsrin 80-ci illərinin sonlarında ermənilərin qəsbkarlıq planılarında Dağlıq Qarabağla bərabər, Naxçıvan da mühüm yer tutmuşdu. Muxtar respublikanı blokadaya salan, hava nəqliyyatından başqa digər kommunikasiya xətlərini kəsən onun Azərbaycanla bütün əlaqələrinə mane olan Ermənistan Naxçıvana qarşı həm də hərbi basqınlara rəvac vermiş, sərhəd kəndlərinə silahlı hücumlar etmişdir. O dövrdə Azərbaycan rəhbərliyinin Naxçıvana biganə münasibəti burada yaşayan əhalinin vəziyyətini bir qədər də ağırlaşdırmışdı.
1990-cı ilin iyul ayının22-də görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıtması, burada yaşayıb fəaliyyət göstərməsi, 1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi bu diyarı gözləyən təhlükələrdən xilas etmişdir. Ulu öndər Heydər Əliyevin gəlişi ilə xalqın gələcəyinə ümidi özünə qayıtmış, Naxçıvan Azərbaycanın ərazi bütövlüyü və istiqlaliyyəti uğrunda mübarizənin mərkəzinə çevrilmişdi.
Naxçıvan ərazi baxımından Azərbaycandan ayrı düşdüyü üçün ona muxtariyyət statusu verilmişdir. Naxçıvan muxtariyyətini birtərəfli qaydada Qars müqaviləsini imzalayan heç bir dövlət ləğv edə bilməz. Çünki bu, beynəlxalq müqavilədir. Ermənilər neçə illərdir ki, Qars müqaviləsinin ləğvinə çalışırlar. Lakin heç bir halda buna nail ola bilmirlər. Müasir dövrdə Naxçıvan Muxtar Respublikasına ermənilərin ərazi iddialarının əvvəlki kimi qalması muxtar respublikaya verilən statusun vacibliyinə bu gün də ehtiyac olduğunu göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun dediyi kimi: “ Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-ci illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu status imkan verirdi ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvan xalqımızın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilsin. Bu dövrdə ölkəmizin müstəqilliyi ilə bağlı qanunvericilik təşəbbüsü hüququ istisnasız olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məxsus olmuşdur. Belə ki, 1990-cı ilin noyabrın 17-də ümummilli liderimizin rəhbərliyi ilə keçən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasını Ali Sovetinin birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının ali Dövlət hakimiyyət orqanları haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunmuşdur”.
Ulu öndər Heydər Əliyevin həm qədim diyarda yaşayıb işlədiyi illər, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr Naxçıvanın muxtariyyətinin möhkəmləndirilməsində, onun erməni hücumlarından qorunmasında mühüm mərhələ təşkil edir. Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə erməni təcavüzü olarkən, regionun ərazi bütövlüyü pozularkən 1991-ci il yanvar ayının 11-də görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Moskva və Qars müqavilələrini imzalayan dövlətlərə bəyanat verərək bu hadisəyə münasibət bildirməyə çağırmışdır. Bir qədər sonra isə 1992-ci iln may ayında Naxçıvana erməni təcavüzü artarkən ulu öndər Heydər Əliyev regionun siyasi-diplomatik yollarla müdafiəsinin təşkili işinə böyük diqqət yetirmişdir.
Ulu öndər Türkiyə Cumhuriyyətinin rəhbərləri ilə danışıqlar aparmış, nəticədə Türkiyənin Nazirlər Kabineti Naxçıvana təcavüzlə bağlı bəyanatla çıxış etmişdir. Xalqımızın böyük oğlu Heydər Əliyevin apardığı diplomatik mübarizənin ən böyük uğuru o dövrdə dünyanın 57 ölkəsinin Naxçıvana erməni təcavüzünü rəsmi şəkildə pisləməsi olmuşdur.
NAXÇIVANIN MUXTARİYYƏT STATUSUNUN QORUNUB SAXLANILMASI MÜHÜM TARİXİ NAİLİYYƏTDİR
Naxçıvan Muxtar Respublikasının statusunun dəyişdirilməsi ilə bağlı bəzi qüvvələrin siyasətləri erməni daşnaklarının fəaliyyətləri ilə üst-üstə düşürdü. Ulu öndər Heydər Əliyev 1992-ci il iyun ayının 17-də Naxçıvan Muxtar Respublikasının Alı Məclisi Rəyasət Heyətinin iclasında çıxış edərək bu məsələyə öz kəskin münasibətini bildirmişdir: “ Naxçıvanın statusunu dəyişdirilməsinə yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin qarşısı qətiyyətlə alınacaqdır”.
Xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafını daim diqqət mərkəzində saxlamış, blokada şəraitində olan qədim diyarın dirçəlişi və inkişafı üçün mühüm tədbirlər həyata keçirmişdir.
Doxsanıncı illərin ikinci yarısı Naxçıvanın muxtariyyat statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi baxımından diqqəti cəlb edir. 1995-ci ilin noyabrın 12-də ümumxalq səs verməsi (referendum) ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının VIII fəsli “Naxçıvan Muxtar Respublikası” adlanır. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Naxçıvanın muxtariyyat statusunun zəruriliyini əsaslandıran görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu, çətin bir dövrdə, böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir. Belə ağır şəraitdə Naxçıvanın yaşamasının, inkişaf etməsinin əsas şərtlərindən biri də odur ki, Naxçıvana o vaxt muxtariyyət hüququ veriblər. Bu muxtariyyət hüququ çətin vəziyyətdə yaşamaqda, inkişaf etməkdə olan Naxçıvana böyük şərait yaradıbdır. Amma Naxçıvanın bundan sonra da buna ehtiyacı vardır, müstəqil Azərbaycan dövlətinin içində buna ehtiyacı vardır”.

Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlanmışdır. 1998-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında muxtar respublikanın Konstitusiya layihəsi geniş müzakirə olunmuşdur. Bu iclasda ölkə başçısı qəbul olunacaq Konstitusiyanın muxtar respublikanın həyatında, onun ərazisinin və muxtariyyətinin qorunmasında, tarixi taleyində böyük əhəmiyyətə malik olacağını nəzərə alaraq demişdir: “Naxçıvan muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası Ali Məclisin 1998-ci il aprelin 28-də keçirilən sessiyasında qəbul olunmuş və həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmişdir. Konsitusiyanın ilk maddəsində göstərilir: “ Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır. Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri müəyyən edir”.
Müxtəlif dövrlərdə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının il dönümləri dövlət səviyyəsində qeyd olunmuş, 1949-cu ildə muxtar respublikanın 25, 1964-ci ildə 40, 1974-cü ildə 50, 1984-cü ildə 60 illiy yubileyləri keçirilmişdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin 1999-cu il 4 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi qeyd edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması, muxtar respublikanın yubileylərinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bu gün də uğurla davam etdirilir. Azərbaycan prezidenti cənab İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması bunun bariz ifadəsidir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə Naxçıvana muxtariyyət statusunun verilməsində böyük xidmətləri olan Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyi və beynəlxalq Qars müqaviləsinin 90-cı il dönümünə həsr olunmuş konfrans keçirilmişdir.
Həmin konfransda Ali Məclisin Sədri demişdir: “43 illik mübarizələrlə dolu qısa, lakin mənalı həyatında Şahtaxtinski heç nə etməsəydi belə, xalqımızın tarixi taleyində mühüm rol oynayan Moskva və Qars beynəlxalq müqavilələrin imzalanmasında göstərdiyi vətənpərvərlik və siyasi uzaqgörənlik onun adını Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bir sırada qoymağa tamamilə əsas verir. Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir”.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmiş, regionu çiçəklənən diyara çevirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası 16 il ərzində hərtərəfli inkişaf etmiş, əsl intibah dövrünü yaşamışdır. Həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş vermiş və bu işlər bu gün də sürətlə və ardıcıl şəkildə davam etdirilir.
NAXÇIVANIN MUXTARİYYƏT STATUSUNUN QORUNUB SAXLANILMASI MÜHÜM TARİXİ NAİLİYYƏTDİR
Naxçıvanın muxtar respublika statusu bu bölgənin 91 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir. Ölkə prezidentinin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli adımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Azərbaycanın Dövlət Müstəqilliyi Günündə QHT Rəhbərləri Bir Araya Gəliblər - VİDEO - FOTOLAR
Azərbaycanın Dövlət Müstəqilliyi Günündə QHT Rəhbərləri Bir Araya Gəliblər - VİDEO - FOTOLAR
Oxunub: 809
XƏBƏR LENTİ

Reklam
Məzənnə