SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“Motsart və Salyeri” faciəsi əsasında hazırlanan tamaşa Şərur rayon ictimaiyyətinə təqdim edilib

10-04-2017, 11:59 | Oxunub: 394 |

“Motsart və Salyeri” faciəsi əsasında hazırlanan tamaşa Şərur rayon ictimaiyyətinə təqdim edilib
Şərur Şəhər Mədəniyyət Sarayında Şərur Rayon Xalq Teatrı böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” faciəsi əsasında hazırlanan tamaşanı rayon ictimaiyyətinə təqdim edib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, bu faciə ilk dəfə olaraq Azərbaycan teatr səhnəsində tamaşaya qoyulur. “Motsart və Salyeri” tamaşasının quruluşçu rejissoru Nəsimi Məmmədzadə həm də tamaşada əsas rollardan birinin ifaçısıdır.

Salyeri tanınmış və istedadlı bəstəkardır. Lakin paxıllıq, həsəd, şöhrətpərəstlik, eqoizm kimi sifətlər onun mənəvi kasıblığını ortaya qoyur. Əslində, böyük şairin də insanlara aşılamaq istədiyi əsas fikir bundan ibarətdir ki, bu mənfi əxlaqi sifətlər, bütövlükdə, cəmiyyət üçün təhlükəlidir.

Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Sultanov böyük bəstəkar Motsartın hərtərəfli istedadını və qeyri-adi taleyini tamaşaçıya təqdim etməyi bacarır. Salyeri sənətdə ondan istedadlı olan Motsartdan öyrənmək, onunla fəxr etmək əvəzinə Motsartı zəhərləyib öldürür.

“Motsart və Salyeri” tamaşasında rejissorun əlavə etdiyi Qara paltarlı adam (aktrisa İlkanə Cavadlı) rolu istisna olmaqla, əslində, iki obraz var: Motsart və Salyeri. Tamaşadakı kütləvi səhnələrdə Salman Şirəliyev, Sevinc Qasımova, İlham Quliyev, Gülnar Quliyeva iştirak edirlər.

Əsər dramatizmi və psixoloji gərginliyi ilə seçilir. İtalyan bəstəkarı Antonio Salyeri (1750-1825) və böyük Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (1756-1791) haqqında çoxlarına məlum olan rəvayət, bir sıra musiqi və bədii əsərlərin mövzusuna çevrilən hadisələr böyük şairin əsərində də əksini tapıb. Salyerinin Motsartı zəhərləməsi haqqında rəvayət bu əsərin əsas mövzusudur.

“Motsart və Salyeri” kimi psixoloji faciənin xalq teatrında tamaşaya qoyulması kollektivin uğurudur. Onu da qeyd edək ki, bu dəhşətli ölüm rəvayətindən iki əsrdən çox keçsə də, mübahisələr, şayiələr bitmir. Ancaq reallıq budur ki, Motsart tarixdə istedadlı böyük bəstəkar kimi qalıb, Salyeri isə paxıllıq və eqoizm rəmzinə çevrilib.

Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR